Bismillahir Rəhmanir Rəhim… Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə… Möminlərin əmiri İmam Əli (ə) haqqında Peyğəmbərimiz (s.a.a.) buyurub ki: “Ya Əli (ə.), sənin üzündən 2 dəstə həlak olar: Birincisi, Sənin haqqında ğüluv edən (səni ilahiləşdirən); ikincisi, sənə düşmənçilik edib haqq olduğunu gizləyənlər.” Bu yazımızda İmam Əlinin (ə) fəzilətlərini və kimliyini Qurani-Kərim ayələrinin işığında araşdıracayıq. Hədəfimiz, tərəfdarlarının qorxudan, düşmənlərinin isə ona qarşı olan həsəd və nifrətləri səbəbindən gizlətdikləri həqiqətləri gün işığına çıxarıb, aşiqlərinin qəlblərinə sevinc və fərəh bəxş etməkdir. Yazımızda Seyyid Sadiq Şirazinin “Quranda Həzrət Əli” adlı 2 cildlik kitabından istifadə etmişik. 1. Hafiz Süleyman ibni İbrahim Qunduzinin rəvayətinə görə ibni Təlhə Əl-Hələbi Şafii “Durrul-Mənsur” kitabında belə rəvayət etmişdir: “Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər Fatihə surəsindədir. Fatihə surəsində olan bütün sirlər isə Bismillahdadir. Və Bismillahda olan bütün sirlər Bismillahdaki “bə” hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir.” Daha sonra İmam Əlinin (ə) belə buyurduğunu rəvayət etmişdir: “Mən bə hərfinin altındakı nöqtəyəm.” (Qunduzi: “Yənabiul-Məvəddə” səh.69) Hafiz Qunduzinin başqa rəvayətində isə Hakim Tirmizi, İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət etmişdir: “İmam Əli (ə) Bismillahir Rəhmanir Rəhimdə olan bə hərfinin altındakı nöqtənin mənasını axşamdan sübh namazına qədər təfsir edərdi, amma yenə də bitməzdi” (Qunduzi: Yənabiul-Məvəddə səh. 70) 2. “İhdinəs-siratəl-Mustəqim” (Bizi doğru yola hidayət elə (Fatihə, ayə 6)). Sələbi “Kəfşul-Bəyan fi Təfsirul-Quran” adlı təfsir kitabında bu ayənin təfsirində belə nəql edir: “Ya Rəbbim, bizi doğru yola hidayət elə” ayəsinin təfsirində Müslim ibni Həyyanın, Əbu Bureydədən belə dediyini duydum: “Sirat dedikdə (yəni doğru yol) məqsəd Həzrət Məhəmməd (s.a.a.), Hz. Əli (ə) və Əhli-Beytidir (ə)” (sənəd: “Rəşfətul-Sadi” səh.25; “Yənabiul-Məvəddə” səh.114) 3. “Nemət verdiklərinin yoluna (hidayət elə)” (Fatihə, ayə 7). Hafiz Hakim Həskani (hənəfi) “Şəvahid Tənzil” adlı kitabında bu ayə ilə bağlı rəvayət nəql etmişdir: “Nemət verdiklərinin yoluna” dedikdə yəni “Həzrət Məhəmməd (s.a.a.), Əli ibni Əbu Talib (ə) və tərəfdarları”. (“Şəvahidut-Tənzil” c.1,səh.66) 4. “Müttəqiləri hidayət etməkdə şübhəsi olmayan bir kitabdır” (Bəqərə, ayə 2). Əhli-sünnə alimləri Abdullah ibni Abbasın bu ayənin təfsirində belə nəql etdiyini söyləmişlər: “Şübhəsi olmayan” dedikdə yəni: “Allah tərəfindən olmasında şübhəsi olmayan”, “Hidayət” dedikdə, yəni “aşkar, nurlu yol”, “Müttəqilər” dedikdə məqsəd Əli ibni Əbu Talibdir (ə), ona görə ki, İmam Əli (ə) bir göz qırpımı qədər də olsun Allaha şirk qoşmayıb. (“Şəvahidut-Tənzil” c.1,səh.67) 5. “Onlara verdiklərimiz rizqdən sərf edərlər” (Bəqərə, ayə 3). Əllamə Hənəfiyyə Mir Muhəmməd Salih Tirmizi bu ayə ilə bağlı olaraq Əhməd ibni Musa Mərdəveyhdən belə rəvayət etmişdir: “Bu ayə Əmirul Möminin Əli (ə.) haqqında endirildi” (“Əl-Mənaqibul-Mir Kəşfi Hənəfi”) 6. “Onlar hidayət olmuşlar və nicat tapanlardırlar” (Bəqərə, ayə 5) Hakim Həskani Hənəfinin rəvayətinə görə, Səlman Farsi İmam Əlidən (ə) belə nəql edir: “Ya Əbəl Həsən (ya Səlman) sən və mən Peyğəmbərin (s.a.a.) hüzuruna hər qəbul edildiyimizdə” Peyğəmbər (s.a.a.) belə deyərdi: “Ey Səlman, Əli (ə) və tərəfdarları (şiələri) qiyamət günündə nicat tapanlardır” (“Şəvahidut-Tənzil” c.1,səh.569) 7. “Adəm (ə) Rəbbindən kəlmələr öyrəndi və tövbə etdi” (Bəqərə, ayə 37). İbni Abbas Peyğəmbərdən (s.a.a.) bu ayənin təfsiri barədə soruşdu: “Adəm (ə) hansı kəlmələri öyrəndi (aldı) ki, Rəbbi də onun tövbəsini qəbul etdi?” Peyğəmbər (s.a.a.) dedi: “Adəm (ə) Allaha belə yalvarmışdı: “Ey Rəbbim, Məhəmməd (s.a.a.), Əli (ə), Fatimə (s), Həsən (ə), və Huseyn (ə) haqqına (hörmətinə) məni bağışla” və Uca Allah da onun tövbəsini qəbul etdi.” (İbn Məğazili Şafii “Mənaqibu Əli ibni Əbi Taleh” səh. 63; Süyuti Əl Şafii c.1,səh.60). 8. “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə ruku edin” (Bəqərə, ayə 43). İbni Abbasdan belə rəvayət edilmişdir: “Bu ayə Həzrət Peyğəmbər (s.a.a.) və imam Əli (ə) haqqında xüsusi olaraq nazil olundu, çünki ilk namaz qılan və rüku edən onlar idi”. (“Mənaqib Kəşfi” I bab; Xarəzmi “Mənaqib Əli ibni Əbi Talib” səh.198; Zəhəbi “Mizanul-İtidal” səh.223-224; “Usdul-Ğabə” c.3,səh.93-94; ”Şəvahidut-Tənzil” c.1,səh.89) 9. “Səbrdən və namazdan köməklik alın! Doğrudan da bu iş xaşe olanlardan savayı başqalarına ağır gələr” (Bəqərə, ayə 45). Hakim Həskani Hənəfinin rəvayətinə görə ibni Abbasın belə dediyini rəvayət edir: “İbni Abbas dedi ki, xaşe olanlar (qəlbən itaətkar) dedikdə, məqsəd Həzrət Məhəmməd (s.a.a.) və Əlidir (ə) və bu ayə onlar haqqındadır” (“Şəvahidut-Tənzil” c.1,səh.89) 10. “Allah İbrahim Peyğəmbərə (ə) buyurdu: “Mən səni insanlara imam etdim (seçdim)”. İbrahim (ə) soruşdu: “Mənim nəslimdən necə?” (Bəqərə, ayə 124). Abdullah ibni Məsud bu ayənin yozumunda (təvilində) Peyğəmbərin (s.a.a.) belə söylədiyini rəvayət edir: “Uca Allah, İbrahimin (ə) nəslindən məni Peyğəmbər (s.a.a.), Əlini (ə) isə vəsi seçdi” (Məğazili “Mənaqib Əli ibn Əbi Talib” səh. 276; “Şəvahidut-Tənzil” c.1,səh.92) Islamadogru.biz


more post like this