Ağıllı insan bir an fikirləşsə başa düşər ki, bizim üçün sərilmiş bu nemət süfrəsindən məqsəd, başqa bir şeydir. Yaradılış aləmindən gözlənilən şey çox-çox böyük məqsəddir. Bu heyvani həyat, həmin məqsəd deyil.
Ağıllı insan, gərək özünə çarə fikirləşsin və öz çarəsizliyinə rəhm eləsin, özünə xitab etsin: “Ey bədbəxt nəfs, uzun illər boyu ömrünü şəhvət ardınca keçirdin, həsrətdən başqa bir şey nəsib olmadı. Yaxşı olar ki, bir az da öz halına rəhm edəsən, Padşahlar Padşahından həya edəsən, bir qədər də həmişəlik həyata və səadətə səbəb olacaq, əsil məqsəd yolunda addım atasan. Var gücünlə çalışsan da ələ gəlməyən, neçə günlük fani şəhvətə, həmişəlik səadəti satma. Qədimdən indiyə qədər gördüyün, bildiyin dünya əhli barədə bir az fikirləş. Bax gör, onların zəhmətləri, çəkdikləri əziyyətlər, rahatlıqları qarşısında nə qədər çoxdur. Bir halda ki, hər insan üçün də rahatlıq və xoşluq tapılmır. İnsan surətində olub, amma həqiqətdə, şeytanın qoşunundan olan və onun tərəfindən göndərilərək, səni şəhvətə və maddi həyatını təmin etməyə dəvət edənin, bir qədər də özü barəsində təhəmmül et, fikirləş, onu danışdır, gör onun özü, öz vəziyyətindən razıdırmı? Ya özü də mübtəladır və başqa bir biçarəni də özü kimi mübtəla etmək istəyir?
Hər halda öz Rəbbindən acizanə və ağlar halda təmənna et ki, səni öz vəzifənlə tanış etsin. Gərək bu səninlə Onun arasında olsun. Nəfsi əmmarə və şeytanla mübarizə qəsdi ilə etdiyin bu təfəkkürün, sənin üçün ayrı bir yol göstərməsinə və mübarizənin başqa bir mənzil və mərhələsinə müvəffəq olmağına ümid vardır.
Nəfslə mübarizənin, təfəkkürdən sonrakı məqam və mənzili “əzm”, yəni, iradə və qəsddir. Əzm, insanın günahları tərk etməsinə və vacibləri yerinə yetirməsinə və yerinə yetirmədiyi üçün qəzaya getmiş əməlləri həyatda olarkən əmələ gətirəcəyinə qəsd etməsindən ibarətdir. Nəhayət, əzm budur ki, insan öz zahirini əqli və şəri etsin. Belə ki, şəriət və ağıl onun zahirinə xatir hökm etsin ki, bu şəxs insandır. Şəri insan, o kəsə deyirlər ki, şəriətin istəyinə uyğun rəftar etsin, onun zahiri, Rəsuli-Əkrəmin (s) zahiri kimi olsun və bütün davranışlarında, etdiyi əməllərdə, tərk etədiyi işlərdə o həzrətin davamçısı olsun. Bu olduqca mümkün olan bir işdir. Çünki, öz zahirini o həzrətə bənzətməyə, Allah bəndələrinin hər biri qadirdir.
İnsan, şəriət ədəbləri ilə ədəblənməyincə, heç bir gözəl əxlaqla sifətlənməyincə, Allahın mərifət nurunun onun qəlbində cilvələnməsi, batin elminin və şəriət sirlərinin onun üçün açılması mümkün deyil.
Ey əziz! Əzm sahibi və iradəli olmağa çalış. Çünki əzmsiz dünyadan köçsən, beyinsiz insan surətindəsən və o biri aləmdə insan surətində məşhur olmayacaqsan. Çünki o dünya, batinlərin və sirlərin açılacağı bir yerdir.
Günaha cürət etmək, yavaş-yavaş insanı əzmsiz və iradəsiz edir və bu da şərəfli cövhəri insandan alır.
Bəs ey qardaş, günahdan qaç və Allaha tərəf üz tutmağı əzm et. Zahirini insan zahiri et, özünü şəriət sahiblərinin yoluna daxil et. Xəlvətdə Allah Təbarək və Təaladan istə ki, sənə bu məqsədində yar olsun, kömək etsin, Rəsuli-Əkrəmi (s) və əhli-beyti (ə) sənin üçün şəfaətçi qərar versin, sənə müvəffəqiyyət inayət etsin, qarşıdakı uçurumlara yuvarlanmamağın üçün sənin əlindən tutsun. Çünki insan həyatında uçurumlar vardır ki, bir anda o həlakət uçurumuna elə düşmək olar ki, insan bir daha özünə çarə edə bilməsin. Bəlkə, çarə axtara da bilməsin, bəlkə şəfaətçilərin şəfaəti də onun halına şamil olmasın.
Nəfsi ilə mübarizə edənlərə müşaritə, müraqibə və mühasibə işləri də lazımdır.
“Müşaritə” odur ki, insan günün əvvəlində məsələn, özü ilə şərtləşsin ki, bu gün Allah Təbarək və Təalanın əmrinə zidd olan bir əməl etməsin. Bu mətləbi iradə etsin. İnsanın bir gün günah əməl etməməyinin asan bir iş olduğu məlumdur. İnsan, onun öhdəsindən asanlıqla gələ bilər. Sən əzm et, şərt bağla və təcrübə et, gör nə qədər asandır. Şeytanın və o məlunun qoşunlarının bu işi sənə böyük göstərmələri də mümkündür. Onlar, səni bağladığın şərtdən saxlamaq və ona əməl etməməyini istəyirlər. Onlara lənət göndər və onların şərindən Allaha pənah apar, Ona sığın, batil xəyalları ürəyindən çıxart və şeytana de: mən bu gün, Allah Təalanın əmrinə qarşı çıxmamağı özümlə şərt etmişəm. Mənim Nemət Sahibim illər boyudur ki, mənə nemət verib, səhhət, sağlamlıq və əmniyyət verib. Elə mərhəmətlər edibdir ki, əbədi olaraq Ona xidmət etsəm belə, heç onların birinin öhdəsindən gələ bilmərəm. Bir kiçik şərtə əməl etməməyim yaxşı iş deyil. Bundan sonra Allahın istəyi ilə şeytanın geri dönüb, qayıtması və Rəhman qoşunları qələbə etməsinə ümid var.
“Müraqibə”nin sənin işlərinin; qazanc, səfər, təhsil və s. heç biri ilə ziddiyyət və münafatı yoxdur.
Bu hal ilə qal, ta gecə “mühasibə” vaxtıdır.
Mühasibə odur ki, insan öz Allahı ilə etdiyi şərtdə nəfsini hesaba çəksin ki, bağladığı şərtə əməl etdimi və Nemət Sahibinə bu kiçik müamilədə xəyanət etmədimi? Əgər düz vəfa etmisənsə, onda bu müvəffəqiyyətə görə Allaha şükür et və bil ki, bir addım irəliləmisən, Allah sənə nəzər edibdir. Allah səni dünya və axirət işlərinin irəli getməsində hidayət edər. Sabahın işi bir az da asanlaşacaq. Bir neçə vaxt bu əməllərini qoru. Bunun səndə adətə çevrilməsinə və bu işlərin daha sənə çox asan gəlməsinə ümid vardır. Bəlkə o vaxt, bu dünyada Allah əmrinə itaət və günahları tərk etməyin ləzzətini bələrsən.
Bil ki, Allah Təbarək və Təala sənə çətin təkliflər etməyib. Sənin öhdəndən xaric və taqət gətirə bilməyəcəyin şeyləri sənə əmr etməyib. Lakin şeytan və onun qoşunu, işi sənə çətin cilvələndirir. Mühasibə vaxtı öz etdiyin şərtdə, süst və sönük olduğunu görsən, Allah Təaladan üzr istə. Söz ver ki, sabah bu işin öhdəsindən mərdliklə gələcəksən. Bu hal ilə qal ki, Allah Təala tofiq və səadət qapılarını sənin üzünə açsın, səni insanlığın düz yoluna hidayət etsin.
İnsana nəfs və şeytanla mübarizə etməkdə kamil köməklik edən işlərdən biri də “təzəkkür”dür.
Təzəkkür, Allah Təalanın insana mərhəmət etdiyi nemətləri yada salmaqdır.
Bil ki, insanda olan fitri şeylərdən biri də nemət verənə hörmət etməkdir. Gərək öz nemət sahibinə hörmət edəsən. Bu da məlumdur ki, nemət nə qədər böyük olsa və nemət verənin o nemətdə bir qərəzi olmasa, fitrət baxımından onun hörməti daha çox və daha lazımlıdır. Məsələn; sizə bir at verib və onda minnət qoyan şəxsə və xırda bir şey verib və bunda heç bir minnət qoymayan şəxsə hörmət etməkdəki fərq, çox aydındır. İndi özün əzəmətli şən sahibi, Padşahlar Padşahının bizə mərhəmət etdiyi zahiri və batini nemətlərə diqqət et. Əgər, ins və cin, o nemətlərin birini bizə vermək istəsələr, bacarmazlar və biz bundan qafilik. Məsələn; gecə-gündüz istifadə etdiyimiz, bizim və bütün mövcudların ondan asılı olduğu hava, on beş dəqiqə olmasa, heç bir canlı diri qalmaz. Gör nə böyük nemət! Bütün ins və cin, onun oxşarını bizə vermək istəsələr, aciz qalarlar. Həmçinin, hər birinin hədsiz-hüdudsuz mənfəətləri olan, sağlam bədən, göz, qulaq, dadma və hiss etmə kimi zahiri qüvvələr və xəyal, vəhm, ağıl və s. kimi batini qüvvələr olan ilahi nemətləri yada sal. Bütün bunları Padşahlar Padşahı, bizə özümüz istəməzdən öncə və minnətsiz olaraq inayət edibdir. Bunlarla da yenə kifayətlənməyib, peyğəmbərlər göndərib, kitablar nazil edib, səadət və bədbəxtlik, cənnət və cəhənnəm yolunu bizə göstərib. Bizim ibadət və itaətimizə ehtiyacı olmadan, ya itaət və günahlarımızın Onun halına heç bir fərq etmədiyi halda, bizim dünya və axirətdə möhtac olduğumuz şeyləri bizə inayət edibdir. Yalnız, bizim öz xeyrimizə olaraq, əmrlər və qadağalar buyurubdur.
Bütün bəşərin onu sayıb qurtara bilməkdən aciz olduğu, bu və bunun kimi saysız-hesabsız nemətləri yada saldıqdan sonra, sizin fitrətinizə əsasən, belə bir nemət verənə hörmət lazım deyilmi? Belə bir nemət sahibinə xəyanət etmək ağıl baxımından necədir? Fitrətdə yoğrulan və onda gizli qalan işlərdən biri də böyük və əzəmətli şəxsə hörmət etməkdir. Camaatın dünya əhlinə və sərvətlilərə, hökmranlara, böyüklərə etdikləri hörmətin səbəbi, onları böyük və əzəmətli bilməkləridir. Padşahlar Padşahının əzəmət və böyüklüyündən də əzəmətli bir şey varmı? Onun yaratdıqlarının biri olan bu kiçik dünyanı və onda olan adi məxluqlarını hələ heç bir mövcudun ağlı indiyə qədər dərk edə bilməyib. Başqa günəş sistemlərindən çox kiçik və nəzərə çarpmaz olan, elə həmin öz günəş sistemimiz, bu kiçikliyi ilə belə, dünyanın böyük alimlərinin ondan lazımı qədər xəbərləri yoxdur. Bütün bu aləmləri və minlərlə qeybi aləmləri xəlq edən o Əzəmət Sahibinə, ağıl fitrətinin hökmü ilə hörmət etmək lazım deyilmi? Bəs ey əziz, öz Allahının əzəmətini yada sal, onun nemət və mərhəmətlərini yada sal. Onun hüzurunda olduğunu yada sal, ona itaətsizliyi tərk et, əmrindən boyun qaçırma və bu böyük döyüşdə şeytan qoşununa qələbə et. Öz (nəfs) məmləkətini, rəhmani və həqqani məmləkət et. Hər halda özünə ümid etmə. Çünki, Allah Təaladan başqa heç kəs, sənə kömək edə bilməz. Ağlar halda Allah Təalanın Özündən tofiq və müvəffəqiyyət istə ki, sənə nəfsinlə bu mübarizədə inayət etsin.
Allah sizə yar olsun.

haqyolu.com


more post like this