Həccin ilk ayinləri

Həcc ziyarəti İslam şəriətində əhəmiyyətli hökmlərdən biridir. Onu bilərəkdən və üzrsüz olaraq tərk etmək küfr ilə bərabər tutulub. Bu barədə Qurani-Kərim “Ali-İmran” surəsinin 97-ci ayəsində buyurur: “Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu küfr (inkar) edərsə, (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə möhtac deyildir!”

Məkkə yolu açıq olduqda və müsəlmanın maddi imkanı olduğu təqdirdə Həcc ziyarəti həmin insana vacib olur. Həcc əməlini yalnız ömürdə bir dəfə yerinə yetirmək vacibdir. Həcc iki vacib hissədən ibarətdir: təməttö ümrəsi və təməttö Həcci. Məkkəyə gedərkən birinci yerinə yetirilən təməttö ümrəsi olur. Təməttö ümrəsinin beş vacib əməli var. Onlardan birincisi ehram bağlamaqdır. Ehram iki parçadan ibarət libasa deyilir. Bir parça ilə bədənin beldən dizin aşağısına kimi olan hissəsi örtülür, digəri isə çiyinə atlır. Yaxşıdır ki, ehram ağ rəngdə pambıq parçadan olsun. Bu cür ehram kişilərə aiddir, xanımlar üçün isə, öz paltarları ehram sayılır. Ehram bağlanan yerlərə “Miqat” deyilir. Şəriətdə doqquz miqat təyin olunub ki, azərbaycanlı hacılar əsasən Mədinə ilə Məkkə arasında yerləşən “Şəcərə” adlı məntəqədə ehram bağlayırlar. Ehram bağlamamışdan əvvəl “Allaha yaxınlaşmaq qəsdilə təməttö ümrəsi üçün ehram bağlayıram” formasında niyyət edilir, daha sonra ehramın özü geyilir, daha sonra isə təlbiyə deyilir – “Ləbbəyk Allahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk!” (İlahi, Sənin çağırışına cavab verdim və qəbul etdim. Qəbul etdim, ey şəriki olmayan, qəbul etdim. Həqiqətən həmd, nemət və hər şey Sənə məxsusdur. Sənin şərikin yoxdur, dəvətini qəbul etdim!) Ehram geyinən şəxsə artıq bəzi halallar da haram olur. Məsələn, heyvan ovlamaq, güzgüdə özünə baxmaq, bədəninə qonan həşəratları öldürmək, mübahisə etmək, kişiyə başını, qadına isə üzünü örtmək, bitkiləri qırmaq, üstü bağlı ayaqqabı və ya corab geyinmək, cinsi əlaqəyə girmək, ətir iyləmək, zinətlənmək və s.  Əgər bu əməllərdən biri baş versə insanın boynuna kəffarə gəlir. Kəffarə bir günah müqabilində tövbə ilə yanaşı tələb olunan təzminata deyilir. Məsələn, Həcc və ümrə ehramlarını bağladıqdan sonra kölgə altına keçən şəxs kəffarə olaraq bir qoyun kəsməlidir. Yaxud  bir insan ceyran ovladıqda bir qoyunu kəffarə olaraq kəsməlidir, imkanı olmadığı təqdirdə isə altmış fəqirə yemək verməli, buna da imkanı olmazsa on səkkiz gün oruc tutmalıdır.

Ehram bağladıqdan sonra hacılar Məkkəyə yola düşürlər. Məscidül-Hərama gəldikdə təməttö ümrəsinin ikinci vacib əməli – təvaf yerinə yetirilir. Təvafa başlamamışdan öncə “Allaha yaxınlaşmaq qəsdilə təməttö ümrəsi üçün təvaf edirəm” şəklində niyyət edilir. Təvaf edən şəxs təharətli, yəni quslsuz və dəstəmazlı halda olmalıdır. Bildiyiniz kimi, təvaf yeddi dövrədən ibarətdir. Hər dövrə Həcərül-əsvəd (Qara daş) istiqamətindən başlayır və burada da bitir. Dövrələr fasiləsiz yerinə yetirilməlidir, bədənin sol tərəfi Kəbə evinə tərəf baxmalıdır.  Daha sonra təməttö ümrəsinin üçüncü vacib əməli sayılan iki rikətlik təvaf namazı qılınmalıdır. Təvaf namazı Məqami-İbrahimin arxasında qılınır.

Təvaf namazından sonra zəvvarlar Səfa və Mərvə dağları arasında səy edirlər. Bu, dördüncü vacib əməldir. Səy Səfa ilə Mərvə arasında yeddi dəfə get-gələ deyilir. Burada da niyyət edildikdən sonra Səfadan Mərvəyə tərəf gedirlər. Bu birinci dövrə sayılır. Daha sonra Mərvədən Səfaya tərəf qayıdırlar. Bu ikinci dövrə sayılır. Bu yolla yeddi dövrə etdikdən sonra səy başa çatır və təməttö ümrəsinin sonuncu, beşinci əməli yerinə yetirilir. Bu əməlin adına təqsir deyilir. Təqsir saç, saqqal, bığ və ya dırnağın hər hansı birindən bir miqdar kəsilməsinə deyilir. Bu əməl də Allaha yaxınlıq qəsdilə olmalıdır. Bununla da təməttö ümrəsi bitmiş hesab olunur və ehram halında haram olan halallar artıq yenidən halal olur (başı təmiz qırxmaqdan başqa).

ahlibeyt.az


more post like this