Deyildiyi kimi, görmək göz önündə olan səhnələrin beyinə ötürülməsi, eşitmək isə səs dalğalarının qulağa çatmasından ibarətdir. Amma “Allah görən və eşidəndir” deyərkən bütün səhnələrin və səslərin Ondan gizli olmadığı bildirilir. Başqa sözlə, insanların gözlə gördüyü və qulaqla eşitdiklərindən Allah Öz sonsuz elmi vasitəsi ilə xəbərdar olur. Bu baxımdan əqidə və din alimləri həmin iki sifəti Allahın sonsuz elmi kimi bəyan edirlər. Onlar deyirlər: “Görən və eşidən insanın xüsusi görmə və eşitmə aparatları vasitəsi ilə uzun fəaliyyətlərdən sonra əldə etdiyi nəticə onun görməli və eşitməlilərdən xəbərdar olmasından ibarətdir. Əgər Allah-təala kimi bir varlıq hansısa fiziki vasitələrsiz görməlilərdən və eşitməlilərdən tam şəkildə agah olursa, onun haqqında “görür və eşidir” demək mümkündür.” İnsanın da görüb-eşitməsinin mahiyyəti onun görməli və eşitməlilərdən xəbərdar olmasıdır. Fiziki fəaliyyətlər isə görmə və eşitmə üçün müqəddimədən ibarətdir. Əgər bir şəxs bütün müqəddimələrsiz görməli və eşitməlilərdən xəbər tuta bilərdisə, onun da haqqında “görür və eşidir” deyə bilərdik. İnsan maddi varlıq olduğundan, fiziki orqanlarsız fəaliyyət göstərə bilmədiyindən məlumatı vasitəsiz əldə edə bilmir. Allah-təala isə maddədən üstün varlıqdır. O, bir şeyi dərk etmək üçün vasitəyə ehtiyac duymur. Varlıq aləmi bütün incəlikləri ilə Onun hüzurundadır. Allahın bir həqiqətdən agah olması üçün heç bir müqəddiməyə ehtiyac yoxdur. Çünki bütün görməlilər və eşitməlilər onun hüzurundadır, O, hər şeydən xəbərdardır


more post like this