MƏSCİDÜL-HƏRAM

Qurani-kərim: «Həqiqətən‚ insanlar üçün ilk bina olunan ev (məbəd)‚ Məkkədəki evdir ki‚ o‚ şübhəsiz‚ bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). (Yemək‚ azuqə‚ sağlamlıq və minik baxımından) yoluna qüvvəsi çatan hər bir kəsin həccə gedib, o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur! Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə‚ Allah aləmlərə (heç kəsə) möhtac deyil!»

321. Məhəmməd peyğəmbər (s): «Allah-Təalanın yanında ən hörmətli‚ ən sevimli və qiymətli məscid‚ Məscidül-həramdır.

322. Rəsulallah (s): «Məscidül-həramın mənim məscidimə (Məscidün-Nəbiyə) olan üstünlüyü‚ mənim məscidimin başqa məscidlərə olan üstünlüyü kimidir.»

323. Əbuzər rəvayət edir: «Soruşdum:

– Ey Allahın Rəsulu! Yer üzərində ilk məscid hansı məscid olmuşdur?

Buyurdu (s):

– Məscidül-həram.

– Bəs sonra hansı məscid olmuşdur?

– Məscidül-əqsa.

– Bu iki məscidin tikilmə tarixi arasındakı fasilə nə qədərdir?

– Qırx il.

324. Əbu Həmzə Somali rəvayət edir: «Məscidül-həramda olarkən‚ imam Baqirdən (ə) soruşdum: «Allah-Təala hansı səbəbə Məscidül-həramı «ətiq» (qiyməti qədim bir şey) adlandırıb?» Buyurdu (ə): «Yer üzərində bu evdən başqa‚ (Allahın xəlq etdiyi) hər bir evin öz sahibi və sakinləri var. Bu azad evin sahibi, yalnız Allah-Təaladır. Allah-Təala, onu bütün varlıqlardan əvvəl yaratdı və sonra yer kürəsini xəlq edib‚ onun altına yerləşdirdi.»

325. Səlam Hənnat bir kişinin vasitəsilə rəvayət edir: «İmam Sadiqdən (ə) fəzilətli məscidlər haqqında soruşdum. Buyurdu (ə): «Məscidül-həram və Məscidün-Nəbi (fəzilətli məscidlərdir).»

326. Müaviyə ibn Əmmar rəvayət edir: «İmam Sadiq (ə) buyurdu: «Məscidül-hərama girdikdə ayaqyalın‚ təmkinlə‚ vüqarla və təvazökarlıqla daxil ol. Bil ki‚ hər kim oraya təvazökarlıqla daxil olsa‚ inşallah‚ bağışlanar». Soruşdum: «Təvazökarlıq nədir?» Buyurdu (ə): «Təmkinli olmaqdır. Oraya lovğa və özündənrazı halda daxil olma. Məscidin qapısına yaxınlaşdıqda dayan və belə de: Allahın rəhmət və bərəkəti və bizim salamımız sənədir‚ ey Peyğəmbər! Allahın adı və Allahın yardımı ilə. Mən Allahdanam və Allahın istədiyi kimi olsun. Peyğəmbərlərə və ilahi elçilərə (s) salam olsun! Allahın Rəsuluna salam olsun! İbrahimə (ə) salam olsun! Aləmlərin rəbbinə salam olsun.

Məscidə daxil olduqda‚ əllərini göyə qaldırıb‚ üzünü Kəbəyə çevirərək‚ de: İlahi‚ mən burada Həcc əməllərini yerinə yetirmək istəyirəm. Tövbəmi qəbul etməyini‚ xətalarımı bağışlamağını və günahlarımın ağırlığını çiyinlərimdən götürməyini xahiş edirəm. Həmd olsun Allaha ki‚ mənə öz dəyərli Evini ziyarət etməyi nəsib etdi. İlahi‚ hüzurunda şəhadət verirəm ki‚ bu, Sənin çox şərəfli evindir. Sən bu evi‚ insanlara ziyarət‚ əmin-əmanlıq‚ bərəkət məkanı və onları doğru yola yönəltmək üçün yaratdın. İlahi‚ bu Sənin bəndən‚ bu torpağın və bu da Evindir. Sənin rəhmətinin sorağı ilə‚ əmr və göstərişlərinə itaət edərək buraya gəlmişəm. Cəzalandırmağından qorxduğum halda‚ acizanə şəkildə sənə yalvarıram. İlahi‚ rəhmət qapılarını mənim üzümə aç və məni Sənə itaət etməyə və razı olduğun hər bir yola doğru yönəlt.»

327. İmam Baqir (ə): «Kim‚ Məscidül-həramda bir vacib namazı yerinə yetirərsə‚ Allah-Təala onun indiyədək qıldığı bütün namazlarını və bundan sonra ömrünün axırınadək qılacağı hər bir namazı qəbul edər.

 

 

 

Məscid kitabından….

 

 

 

 

 


more post like this