Bu əhvalatı “Məfatihul-cinan” kitabından nəql edirik. Hacı Nuri deyir ki, bu əhvalatı mənə Rəşt sakini olan təqvalı, xeyirxah və əməlisaleh tacir seyyid Əhməd ibn seyyid Haşim ibn seyyid Həsən Musəvi Rəşti mənə nəql etmişdir. O, deyir:

 

1280-ci hicri şəmsi ilində həcc ziyarəti məqsədilə Rəştdən Təbrizə gedib, məşhur Təbriz taciri Hacı Səfər Əlinin evində qonaq oldum. Orada mə`lum oldu ki, hələ ziyarət karvanı hazır deyil. Mən bundan çox narahat oldum və nə edəcəyimi fikirləşirdim. Bir də eşitdim ki, hacı Cabbar Cəludar Sədəhi İsfahani Trabzona getməyə hazırlaşır. Mən də ondan bir az mal kirayə edib onunla birlikdə yola düşdüm. Yolda axşamladığımız birinci gecədə hacı Molla Məhəmməd Baqir Təbrizi, (Təbrizli tacir) seyyid Hüseyn Təbrizi və hacı Əli adlı başqa üç nəfər şəxs də mənə qoşuldu. Səhər açıldıqda hamılıqla yola düşdük və nəhayət, Rum ərazilərinə gəlib çatdıq. Sonra oradan da Trabzona yola düşdük.

 

Yolda istirahət etdiyimiz yerlərdən birində hacı Cabbar Cəludar bizə dedi: Qarşıda gecələməli olacağımız yer çox qorxuludur, xahiş edirəm ləngiməyin, tez hərəkət edib dəstəyə qoşulun (bundan əvvəlki yerlərdə də bə`zən biz dəstədən aralı düşürdük). Səhərə iki saat yarım və ya üç saat qalmış olardı. Biz də tez hərəkət edib dəstəyə qoşulduq. Təxminən, üç kilometr getmişdik ki, yolda güclü qar yağmağa başladı və hava qaraldı. Yoldaşlarım başlarını örtüb sür`ətlə hərəkət etməyə başladılar. Özümü onlara çatdırmağa çalışsam da bu mümkün olmadı. Beləliklə, onlar yollarına davam edib getdilər, mən isə tək qaldım. Son dərəcə narahat və iztirab içində yolun kənarında atdan düşüb yerə əyləşdim. Özümlə cəmi altı yüz tümən xərclik pulum var idi. Fikirləşib belə qərara gəldim ki, səhərə qədər elə burada qalaram. Çünki, qaldığım yerə yaxın idim, ən pis halda geri qayıdıb özüm ilə bir neçə bələdçi və cangüdən götürüb onların köməyi ilə dəstəyə çata bilərdim. Bu fikirdə idim ki, bir də gördüm yolun kənarındakı bağda bağbana oxşar bir şəxs əlindəki bel ilə ağaclara vurub onların qarını tökür. Məni görcək, yaxınlaşıb fars dilində dedi: Kimsən? Dedim: Yoldaşlarım gedib, mən isə burada tək qalmışam və üstəlik yolu da itirmişəm. Dedi: Yolu tapmaq istəyirsənsə, nafilə namazlarını qıl.

 

Mən şam namazının nafiləsini qılmağa başladım. Namazları qılıb dua etdikdən sonra yenə yanıma gəlib dedi: Hələ getməmisən? Dedim: And olsun Allaha ki, yolu tanımıram. Dedi: “Camiə” ziyarətnaməsini oxu! Mən əsla “Camiə” ziyarətnaməsini əzbər bilmədiyim halda, birdən, onu səhvsiz əzbər oxumağa başladım. O, yenə də yanıma gəlib dedi: Sən hələ getməmisən? Qeyri-ixtiyari olaraq məni ağlamaq tutdu, bir təhər özümü saxlayıb dedim: Bəli burdayam, axı yolu tanımıram, necə gedim. Dedi: Onda “Aşura” ziyarətnaməsini oxu. “Aşura” ziyarətnaməsini də əzbər bilmədiyim halda yenə onu da əvvəldən axıra qədər həzin səslə əzbərdən oxumağa başladım. Ziyarətnaməni oxuyub qurtardıqdan sonra Peyğəmbər Əhli-beytinə zülm edənlərə yüz dəfə lə`nət, onların özlərinə isə yüz dəfə salam dedim. Bundan sonra “Əlqəmə” ziyarətnaməsini də oxudum. Mən duanı qurtarmışdım ki, yenə o gəlib dedi: Hələ də getməmisən?! Darıxma, mən indi səni dəstəyə çatdıraram. O, uzunqulağına oturdu və belini də çiyininə qoyub dedi: Sən də mənim tərkimə əyləş. Mən də onun arxasında əyləşib atın yüyənini çəkməyə başladım. Amma nə qədər çəkdimsə, at yerindən tərpənmədi. Buyurdu: Atının yüyənini mənə ver! Mən atın yüyənini ona verdim. O, beli sol çiyininə qoyub sağ əli ilə atımın yüyənindən yapışdı. Bundan sonra at dərhal yoluna davam etdi. Yolda əlini dizimin üstünə qoyub buyurdu: Siz nə üçün gecə nafilələrini qılmırsınız? Nafilə, nafilə, nafilə… (tə`kid üçün onu neçə dəfə təkrar etdi) Sonra buyurdu. Siz nə üçün Aşura ziyarətnaməsini oxumursunuz? Aşura, Aşura, Aşura… Sonra buyurdu: Bəs nə üçün Camiə ziyarətnaməsini oxumursunuz? Camiə, Camiə, Camiə… Bununla da hər üçünün son dərəcə əhəmiyyətli olduğuna tə`kid etdi. O, yolu dairəvi gedirdi və birdən mənə buyurdu: Onlar sənin yoldaşlarındır. Baxıb gördüm ki, onlar doğrudan da mənim yoldaşlarım idi. Dəstəmaz almaq üçün yolun kənarındakı çaya tərəf enmişdilər. Onların yanına getmək üçün tez uzunqulaqdan düşüb ata minmək istəsəm də, ata minə bilmədim. O, uzunqulaqdan düşüb mənə ata minməyə də kömək etdi. Atımın başını yoldaşlarıma tərəf yönəltmək istəyərkən, birdən öz-özümə dedim: Bu qədər yolu gəlib mənə kömək edən bu şəxs, görəsən, kim idi? Onun mənimlə fars dilində danışmağı məndə başqa bir sual da yaratdı. Çünki həmin məntəqədə yalnız türklər yaşayır və yolüstü hərdən məsihilərlə də rastlaşmışdıq. Onun mənə nafilə namazlarını qılmağı, “Aşura” və “Camiə” ziyarətnamələrini oxumağı tapşırması və o qədər ləngidikdən sonra çox qısa müddətdə məni yoldaşlarıma çatdırması bir az da məni həyəcanlandırdı. Bunları götür-qoy edib başa düşdüm ki, o şəxs İmam Zaman (ə) olmuşdur. Dönüb arxaya baxdıqda, artıq bir kimsədən əsər-əlamət yox idi.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 


more post like this