–Müqəddimə
–Yerin, dəryaların və dağların vəziyyəti
–Asimanların və ulduzların vəziyyəti
–Ölüm suru
–Həyat suru (şeypuru) və qiyamətin başlanması
–Mütləq ilahi hökmranlığın zühuru
–İlahi ədalət məhkəməsi
–Əbədi iqamətgaha doğru
–Behişt
–Cəhənnəm
MÜQƏDDİMƏ
Qur’an ayələrindən mə’lum olur ki, axirət aləminin bərqərar olunması təkcə insanların dirilməsi ilə bitmir. Əsas e’tibarı ilə bu dünyaya hakim olan quruluş və nizam da tamamilə dəyişiləcək, digər bir aləm tamam başqa xüsusiyyətlərlə bərqərar olunacaqdır. Elə bir aləm olacaqdır ki, biz öncədən bu barədə xəbər verə bilmərik və təbiidir ki, onun xüsusiyyətləri barəsində dəqiq təsəvvürümüz də yoxdur. O zaman xilqətin əvvəlindən axırına qədər olan bütün insanlar birlikdə diriləcək və əməllərinin nəticələrini görəcək, əbədi behişt ne’mətlərində, yaxud cəhənnəm əzabında olacaqlar.
Bu bəhslə əlaqədar olan ayələr olduqca çoxdur və onların hamısının araşdırılması kitabın həcminə uyğun deyil. Yalnız onların məzmununu qeyd etməklə kifayətlənirik.
YERİN, DƏRYALARIN VƏ DAĞLARIN VƏZİYYƏTİ
Yerdə güclü zəlzələlər baş verər. Öz içində olanları çölə tökər. Onun hissələri bir-birindən ayrılıb pərakəndə vəziyyətə düşər. Dəryalar yarılar, dağlar hərəkətə gələr və bir-birinə çırpılaraq qum təpəsi kimi, didilmiş yun kimi, daha sonra dağılaraq fəzada pərakəndə vəziyyətə düşər. Başlarını asimana dikən uca dağlar silsiləsindən ilğımdan başqa bir şey qalmaz.
ASİMANIN VƏ ULDUZLARIN VƏZİYYƏTİ
Ay, eləcə də Günəşdən milyon dəfələrlə böyük olan əzəmətli ulduzlar sönər, onların hərəkətindəki qanunauyğunluqlar pozular. O cümlədən, ay və ulduzlar bir-birinə qovuşar, bu dünyanı möhkəm bir tavan kimi əhatə edən asiman çalxalanar və parçalanaraq bir-birindən ayrılar. Onun nizamı bir-birinə qarışar. Səma cisimləri əridilmiş filiz şəklinə düşər və dünyanın fəzası tüstü və buludla dolar.
ÖLÜM SURU
Belə bir vəziyyətdə ölüm suru çalınar və bütün canlı varlıqlar ölər. Təbiət aləmində həyatdan heç bir əsər-əlamət qalmaz. Vəhşət hissi və iztirab bütün canları bürüyər. Yalnız varlığın sirlərindən və həqiqətlərindən agah olan, qəlbləri ilahi mə’rifət və məhəbbətlə dolan şəxslər iztirab hissi keçirməzlər.
HƏYAT SURU VƏ QİYAMƏTİN BAŞLANMASI
Daha sonra əbədi olan digər bir həyat başlanar. Bütün dünya Allahın nuru ilə işıqlanar, həyat suru yenidən səslənər və bütün insanlar (hətta heyvanlar belə) bir anda dirilərlər. Daha sonra vahiməli halda havada yayılaraq pərakəndə vəziyyətdə uçan çəyirtkə kimi olar, sür’ətlə ilahi məhkəməyə doğru tələsərlər və bütün insanlar böyük bir səhnədə bir yerə toplaşarlar. Əksər hallarda vəziyyət elə olar ki, bərzəx aləmində qalmaları bir saat, bir gün, yaxud bir neçə gün davam etdiyini təsəvvür edərlər.
MÜTLƏQ İLAHİ HÖKMRANLIĞIN ZÜHURU
Qiyamət aləmində bütün həqiqətlər aşkar olar. İlahi hökumət və səltənət tam mə’nada zühur edər. Varlıqlar elə bir heybət və əzəmət görərlər ki, heç kəs ucadan bir söz danışmaq qüdrətinə malik olmaz. Və hər kəs öz taleyinin fikrində olar aqibətinin nə ilə qurtaracağı barədə fikirləşər. Hətta, bir ata-anadan olan övladlar, qohum-əqrəbalar və yaxın adamlar bir-birindən qaçar. Ümumiyyətlə, səbəblər və qohumluq əlaqələri bir-birindən ayrılar. Dünyəvi və şeytani me’yarlar və mənafelər əsasında olan dostluqlar düşmənçiliyə çevrilər. Keçmiş günah əməllərindən yaranan təəssüf və peşmançılıq qəlbləri bürüyər.

 

 

İLAHİ ƏDALƏT MƏHKƏMƏSİ
Bu zaman ilahi ədalət məhkəməsi təşkil olunar və bütün bəndələrin əməlləri hazır edilər. Nameyi-əməllər (əməl dəftərləri) paylanar. Qiyamət gününün xüsusiyyətlərindən biri də budur ki, hər bir işi həmin işi görənə aid edilməsi o qədər açıq-aşkar mə’lum olur ki, artıq bir kəsdən “nə etmisən?” – deyə soruşmağa heç bir ehtiyac qalmır.
Bu məhkəmədə Allahın mələkləri, peyğəmbərlər və seçilmiş insanlar şahidlik edərlər. Hətta, insanın əli, ayaqları və dərisi belə şəhadət verər. Bütün insanların əməllərinin hesabı diqqətlə araşdırılar və ilahi mizanla ölçülər. Onların barəsində ədalətli hökm çıxarılar və hər kəs özünün dünyadakı fəaliyyət və əməllərinin nəticəsini görər. Yaxşı əməl sahiblərinə əməllərinin on qat arıq mükafatı verilər və heç kəs başqasının günahlarına görə cəzalandırılmaz. Başqalarını haqq yoldan azdıran şəxslərə gəldikdə isə, onları öz günahlarından əlavə, aldadıb azdırdıqları şəxslərin də günahlarına görə də məhkum edərlər. Heç kəsdən fidyə (əvəz) qəbul olunmaz. Heç bir şəxsin şəfaət və vasitəçiliyi qəbul edilməz. Yalnız o şəxslərin şəfaəti qəbul olunar ki, Mütəal Allah tərəfindən onlara icazə verilmiş olsun və onlar da məhz Allahın razı olduğu me’yarlar əsasında şəfaət edərlər.
ƏBƏDİ İQAMƏTGAHA DOĞRU
Daha sonra Allahın hökmü e’lan edilər. Yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən ayrılar: mö’minlər üzüağ, şad və gülər üzlə behiştə tərəf, kafirlər və münafiqlər isə üzüqara, qəmgin, zillət və xarlıqla cəhənnəmə yola salınar. Bütün insanlar cəhənnəmdən keçirilər, bu zaman mö’minlərin siması nur saçar və onların yollarını işıqlandırar, kafirlər və münafiqlər isə qaranlıqda, mütləq zülmətdə qalarlar.
Dünyada mö’minlərlə qaynayıb-qarışan münafiqlər onları çağırıb “Üzünüzü bizə tərəf döndərin, sizin nurunuzdan istifadə edək!” – deyərlər, amma belə cavab eşidərlər: “Nur kəsb etmək üçün arxaya (dünyaya) qayıdın!” Daha sonra deyərlər: “Məgər dünyada biz sizinlə deyildikmi?” Belə cavab eşidərlər: “Əlbəttə ki, zahirdə bizimlə idiniz, lakin özünüzü giriftar etdiniz və qəlbləriniz şəkkə, tərəddüdə və qəsavətə düçar oldu. Bu gün işiniz bitmişdir, sizdən və kafirlərdən heç bir əvəz qəbul edilməz.” Nəhayət, kafirlər və münafiqlər cəhənnəm oduna tökülər.
Mö’minlər behiştə yaxınlaşan zaman onun qapıları açılar və Allahın rəhmət mələkləri onların pişvazına çıxar, salam və ehtiramla onlara əbədi səadət müjdəsi verərlər. Digər tərəfdən kafirlər və münafiqlər cəhənnəmə çatdıqda onun qapıları açılar, əzab mələkləri kobudluqla onları danlayar və onlara əbədi əzab və’dəsi verərlər.
BEHİŞT
Behiştdə genişliyi yerin və göylərin genişliyi qədər olan bağlar və müxtəlif ağaclarla örtülən, hər növ meyvəsi olan və əlçatan yerdə olan ağaclar, əzəmətli qəsrlər və zülal kimi suyu olan çaylar, həmçinin süd, bal və pak şərabdan ibarət olan çaylar, behişt əhlinin istəyinə uyğun və onların arzularına müvafiq olan hər bir şey vardır.
Behişt əhli ipək paltar geymiş, müxtəlif zinətlərlə bəzənmiş olar. Bir-birinin qarşısında taxtların üzərində və yumşaq yataqlarda söykənmiş halda Allaha həmd-səna edərlər. Dillərinə əbəs və lazımsız söz gətirməzlər. Belə sözlər də eşitməzlər. Onlara nə soyuq əziyyət verər, nə də istilik. Onların nə əzab-əziyyəti və yorğunluğu olar, nə də qorxuları və qəm-qüssələri. Qəlblərində bir kəsə qarşı kin-küdurət də olmaz.
Onların ətrafında gözəl xidmətçilər hərəkət edərək onlara, ləzzət və təsəvvürolunmaz ruh yüksəkliyi verən behişt camlarında şərablar içirdərlər və onlara heç cür bəla dəyməz. Onlar növbənöv meyvələrdən, quş ətlərindən yeyər, gözəl, mehriban və heç bir çirkinliyə aludə olmayan pak zövcələrdən, bunlardan da ən yüksəkdə Allahın razılığından mə’nəvi ne’mət kimi bəhrələnərlər. Onlar öz Pərvərdigarları tərəfindən çoxlu lütf və mərhəmətlərə nail olarlar. Bu da onları təsəvvürolunmaz dərəcədə şadlığa, sevincə qərq edər. Bu misilsiz səadətlər, vəsfolunmaz ne’mətlər, Allahın rəhmət, razılıq və dərgahına yaxınlıq həmişəlik olaraq davam edəcək. Və onların sonu olmayacaqdır.
CƏHƏNNƏM
Cəhənnəm qəlblərində heç bir iman nuru olmayan kafirlər və münafiqlərin əbədi yeridir. Onun həcmi o qədər böyükdür ki, bütün günah əhlinin qəbul etdikdən sonra yenidən “yenə varmı?» deyər. O, başdan-başa oddur, od üstündən od, əzab üstündən əzab!!!
Atəş şö’lələri hər tərəfdən zəbanə çəkir, qəzəbli, ürək yandıran uğultusu onların vəhşət və iztirablarını daha da artırır. Onların zahiri görkəmləri pis, qara, çirkablıdır. Hətta, cəhənnəm əhli üçün tə’yin olunmuş mə’mur mələklərinin üzlərində belə mehr-məhəbbət, nəvaziş və mülayimlikdən heç bir əsər-əlamət yoxdur.
Cəhənnəm əhli dəmirdən olan zəncirlərə bağlanmışlar, Allahın qəzəb odu onları hər tərəfdən əhatə edir. Onların özləri cəhənnəmin yanacaqlarıdır. Cəhənnəmin fəzasında cəhənnəm əhlinin fəryadından, naləsindən və qışqırığından başqa heç bir səs eşidilmir. Günah əhlinin üzərinə dağ su tökərlər ki, onların daxillərini də əridib suya döndərər. Hər zaman susuzluğun və iltihabın şiddətindən su istəsələr onlara çirkablı, qaynar və üfunətli su verilər. Onu da hərisliklə və acgözlüklə içərlər. Onların yeməkləri özü atəşdən göyərən zəqqum ağacıdır. Ondan yedikləri vaxt daxildəki yanğıları daha da artar. Onların paltarları yapışqanlı və qara maddədəndir ki, bu da onların əzablarını daha da artırır. Onlar günahkar cinlər və şeytanlarla bir yerdə olarlar. Lakin, onlardan uzaq olmağı arzu edər və bir-birinə lə’nət yağdırarlar.
Allahın dərgahında öz günahları müqabilində üzrxahlıq etmək istədikləri zaman “rədd olun!”, “susun!”, “mumlayın!” kimi fərmanlar verilər. Daha sonra cəhənnəm keşikçilərinə pənah aparıb deyərlər ki, Allahdan bizim əzabımızı bir az azaltmasını istəyin. Onlar belə cavab eşidərlər: “Məgər Mütəal Allah sizə Öz peyğəmbərlərini açıq-aşkar mö’cüzələrlə göndərməmişdimi?”
Yenidən ölüm arzusu edərlər, amma cavabında onlara, siz həmişəlik olaraq cəhənnəmdə qalacaqsınız”–deyilər. Ölüm hər tərəfdən onlara tərəf şığıdığına baxmayaraq heç vaxt ölməzlər. Onların bədənlərinin dəriləri nə qədər yansa da, əzabı yaxşı dadsınlar deyə, yenidən ona təzə dəri verilər və əzabları davam etdirilər.
Onlar behişt əhlindən bir az su və yemək istəyər, amma cavabda: “Mütəal Allah behişt ne’mətlərini sizə haram etmişdir” – cavabını eşidərlər. Behişt əhli onlardan soruşar: “Hansı şey sizin bədbəxtliyinizə səbəb olub sizi cəhənnəmə çəkdi?” Deyərlər: “Biz namaz qılıb Allaha ibadət edənlərdən deyildik. Kasıblara da kömək etməzdik. Günahkarlarla oturub-duran və qiyamət gününü təkzib edərdik.”
Daha sonra bir-biri ilə çarpışmağa, didişməyə başlayarlar. Aldanılanlar onları yoldan çıxaranlara deyərlər: “Bizi yoldan azdıran siz oldunuz!” Onlar cavabda deyərlər: “Siz öz istəyiniz ilə bizə tabe oldunuz!”
Bu dünyada başqalarının əlinin altında olub yolunu azanlar orada öz rəislərinə deyərlər: “Bizi bu bədbəxtliyə çəkənlər siz olmusunuz!” Onlar da: “Sizi zorla haqq yoldan saxladıqmı?!” – deyərlər.
Nəhayət, şeytana deyərlər: “Bizim yoldan azmağımıza sən bais olmusan!” O isə cavab verib deyər: “Allah sizə doğru və’də verdi, qəbul etmədiniz. Mən isə yalan və’dələr verdim, qəbul etdiniz. Belə isə, məni danlamaq yerinə özünüzü məzəmmət edin. Bu gün bizim heç birimiz digərimizin fəryadına çata bilmərik.” Beləliklə, öz itaətsizlik və küfrlərinin cəzasını çəkməkdən başqa heç bir çıxış yolu görməz və əbədi olaraq ilahi əzab içində qalarlar.
SUALLAR
1.Qiyamət baş verən zaman yerin və göylərin vəziyyətini şərh edin.
2.Qiyamətin başlanğıcı və onun xüsusiyyətini bəyan edin.
3.İlahi ədalət məhkəməsini izah edin.
4.Mö’minlərin və kafirlərin öz əbədi iqamətgahına doğru hərəkətini bəyan edin.
5.Behişt ne’mətlərini barəsində mə’lumat verin.
6.Cəhənnəm və onun əhlinin vəziyyətini açıqlayın.
7.Cəhənnəm əhlinin söhbətlərini şərh edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 


more post like this