Mərhum Ayətullah seyyid Əbül-Həsən İsfahani zamanımızın məşhur mərcəi-təqlid alimlərindən biri olmuşdur. O, dəfələrlə fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olmuşdur. “Alimlərin xəzinəsi” kitabında böyük alim Məhəmməd Həsən Mircahanidən belə bir əhvalat nəql olunur:

 

Yəməndə yaşayan zeydiyyə məzhəbli Bəhrul-Ülum adlı bir alim fədası olduğumuz İmam Zaman (ə)-ın müqəddəs vücudunu inkar edirdi. O, dövrünün alimlərinə məktub göndərib onlardan İmam Zaman (ə)-ın mövcudluğuna dair əsaslı dəlillər gətirmələrini istəyirdi. Alimlər ona cavab versələr də, qane olmurdu. O, məktublardan birini də seyyid Əbül-Həsəni İsfahaniyə göndərir və ondan bu məsələyə dair cavab istəyir. Seyyid Əbül-Həsən İsfahani ona belə bir cavab məktubu göndərir: “Əgər Nəcəf-Əşrəfə gəlsəniz, mən sizin sualınıza şifahi olaraq cavab verərəm.”

 

Yəmənli Bəhrul-Ülum cavab məktubunu aldıqdan sonra oğlu seyyid İbrahim və bir neçə müridi ilə birlikdə Nəcəfə, Əbül-Həsən İsfahaninin yanına gəlir. Görüşüb hal-əhval tutduqdan sonra Bəhrul-Ülum deyir: Mən bura sizin də`vətinizlə gəlmişəm. Ümid edirik ki, və`d verdiyiniz cavabdan bəhrələnə biləcəyik. Əbül-Həsən İsfahani buyurur: Sabah axşam bizim evə gəlin, orada sizin cavabınızı verim.

 

Ertəsi gün axşam Bəhrul-Ülum oğlu ilə birlikdə Əbül-Həsən İsfahaninin evinə gedir. Şam yeməyini yeyib qurtardıqdan sonra İmam Zaman (ə)-ın mövcudluğu barədə müzakirələr başlayır. Nəhayət, gecə başqa qonaqlar dağılışdıqdan sonra Ayətullah İsfahani xidmətçisi Məşhədi Hüseyndən çıraq gətirməsini istəyir. Sonra Bəhrul-Ülum və oğlu İbrahimə deyir: Gedək, siz özünüz o həzrəti görün.

 

Məhəmməd Həsən Mircahani deyir: Biz də orada idik. Onlarla birlikdə getmək istədikdə, Ayətullah İsfahani dedi: Siz gəlməyin, yalnız Bəhrul-Ülum və oğlu gəlsin.

 

Biz daha onların hara getdiklərini bilmədik. Amma həmin gün səhər mən Bəhrul-Ülum və oğlu İbrahimlə görüşə bildim və onlardan nə gördükləri haqda soruşdum. Bəhrul-Ülum yalnız bunu dedi: Şükür olsun Allaha ki, sizin məzhəbinizə keçdik və İmam Zamanın müqəddəs vücudunun hal-hazırda mövcud olduğuna iman gətirdik. Soruşdum: Necə? Buyurdu: Ayətullah İsfahani İmam Zamanı bizə göstərdi. Soruşdum: O, İmam Zamanı sizə necə göstərdi? Buyurdu: Evdən çıxdıqdan sonra hara getdiyimizi bilmədik. Nəhayət, “Vadiyus-salam” adlı yerə çatdıq. Vadiyus-salamın ortasında “İmam Zamanın məqamı” adlı bir yer var idi. Ayətullah İsfahani ora çatdıqda, çırağı Məşhədi Hüseyndən alıb tək məni özü ilə birlikdə məqama daxil etdi və orada dəstəmazını təzələdi. Oğlumun onun gördüyü işlərə gülməyi gəlirdi. Nəhayət, orada dörd rükət namaz qılıb başa düşmədiyimiz bir neçə kəlmə söz dedi. Bir də gördük ki, fəza işıqlandı.

 

Bu yerdə yəmənli alimin oğlu İbrahim dedi: Bu vaxt mən məqamdan kənarda dayanmışdım, atam isə Ayətullah İsfəhani ilə birlikdə məqamın içində idilər. Bir neçə dəqiqədən sonra atamın fəryad etdiyini eşitdim və sonra o, huşunu itirib özündən getdi. Yaxınlaşıb gördüm ki, Ayətullah İsfahani atamın çiyinlərini ovxalayır ki, özünə gəlsin. Oradan qayıtdığımız zaman atam dedi: Mən orada İmam Zaman (ə)-ı gördüm! O, məni on iki imamçı şiə məzhəbinə də`vət etdi.

 

O, bundan artıq orada gördükləri haqda bir söz demədi. Bir neçə gündən sonra Yəmənə qayıtdı və dörd min nəfər müridini şiə etdi.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 

 


more post like this