(İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏ’SİRDƏN DÜŞMƏSİ) VƏ “TƏKFİR” (İNSANIN PİS ƏMƏLLƏRİNİN ÜSTÜNÜN ÖRTÜLMƏSİ, GÜNAHLARIN YAXŞI İŞLƏR VASİTƏSİ İLƏ ƏVƏZ OLUNMASI)
–Müqəddimə
–İmanla küfrün əlaqəsi
–Yaxşı və pis əməllərin əlaqəsi
MÜQƏDDİMƏ
İman və saleh əməlin axirətdəki səadətə, əksinə, olaraq küfr və günahkarlığın əbədi bədbəxtçiliyə gətirib çıxarması ilə əlaqədar yaranan suallardan biri də budur ki, iman və ya küfrün onun axirət nəticəsi ilə, eləcə də hər bir yaxşı və pis əməlin onun mükafat və ya cəzası ilə olan əlaqəsi qəti sübuta yetmiş və dəyişilməzdir, yoxsa müəyyən dərəcədə dəyişilə bilər? Məsələn, yaxşı işlərlə günahın tə’sirlərini aradan aparmaq və ya əksinə, yaxşı işin əsərlərini günahlarla aradan aparmaq olarmı? Görəsən ömrünün müəyyən hissəsini küfr və günah etməklə, digər bir hissəsini isə iman və itaətlə keçirən insanlar müəyyən qədər cəzaya düçar olduqdan sonra mükafatlandırılacaq, yoxsa bu iki əməlin məcmusu onların xoşbəxtlik və ya bədbəxtliklərini tə’yin edir və ya mətləb tamamilə başqa cürdür?
Bu, eynilə qədim dövrlərdən əş’əri və mö’təzili mütəkəllimləri arasında münaqişəli məsələ sayılan “həbt” və “təkfir”dən ibarətdir. Biz bu dərsdə şiələrin nəzərini xülasə şəkildə bəyan edəcəyik.
İMANLA KÜFRÜN ƏLAQƏSİ
Əvvəlki dərslərdə qeyd olundu ki, e’tiqad prinsiplərinə iman olmadan heç bir yaxşı əməl insanın əbədi səadətinə səbəb olmur və başqa sözlə desək: küfr layiqli əməllərin tə’sirdən düşməsinə səbəb olur. Burada da qeyd etməliyik ki, insanın sonradan iman gətirməsi güclü bir işıq əvvəlki qaranlıqları aradan apardığı kimi, ömrünün əvvəllərindəki küfrünün tə’sirlərini məhv edib aradan aparır. Əksinə, ömrünün axırında küfr etməsi əvvəlki imanının tə’sirlərini aradan aparır və şəxsin əməl dəftərini qaraldaraq puç edir. Bu da bir növ xırmana düşüb hər bir şeyi yandıran oda bənzəyir.
Misal olaraq belə demək olar: İman insanın qəlbini, ruhunu işıqlandıran, parlaqlaşdıran və qaranlıqları aradan aparan nurlu bir çırağa bənzəyir. Küfr isə özü sönməklə bütün işıqları aradan aparan və qaranlıqlar vücuda gətirən bir çırağın sönməsinə bənzəyir. İnsanın ruhu bu maddi aləmə, dəyişikliklər dünyasına bağlı oluncaya qədər işıqla-qaranlığın, nurla-zülmətin artmasına mə’ruz qalır, nəhayət bu dünyadan köçüb gedənə qədər iman, yoxsa küfr yolunu seçmək onun üzərinə bağlanır. Hətta, bu dünyaya qayıtmaq və qaranlıqlardan qurtarmaq arzulasa belə, heç bir faydası olmaz.
İmanla küfrün bir-birindən bu cür tə’sirlənməsində Qur’ani-kərim baxımından heç bir şəkk-şübhə yoxdur. Bu mətləbə dair çoxlu ayələr vardır. O cümlədən, “Təğabun” surəsinin 9-cu ayəsində buyurulur:
«Hər kəs Allaha iman gətirsə, və layiqli işlər görsə (Allah) onun pis əməllərini aradan aparar.»
“Bəqərə” surəsinin 217-ci ayəsində buyurulur:
«Sizlərdən hər biriniz dinindən dönsə (mürtəd olsa) və küfr halında ölsə, dünya və axirətdəki əməlləri puç olar və onlar cəhənnəm əhlidir və orada əbədi olaraq qalacaqlar.»
YAXŞI VƏ PİS ƏMƏLİN BİR-BİRİ İLƏ ƏLAQƏSİ
İmanla küfr arasında olan əlaqəni insanın yaxşı əməlləri ilə pis əməlləri arasında da müəyyən qədər görmək olar. Amma bu, ümumi və həmişəlik bir qanun da deyildir; belə də deyildir ki, insanın bütün nameyi-əməlində layiqli əməllər qeyd olunsun və (elə bu zaman) yaramaz əməllərini aradan aparsın (mö’təzilə mütəkəllimləri buna inanır), yaxud onların kəmiyyət və keyfiyyətinə diqqət yetirməklə həmişə keçmiş əməllərin məcburi olaraq toplanmasından alınan cəm in’ikas tapmış olsun (bə’ziləri də belə güman etmişlər). Belə əməllər barədə təfsil vermək lazımdır, yə’ni yaxşı əməllərdən bə’ziləri əgər layiqincə, məqbul şəkildə yerinə yetirilsə, keçmişdəki əməllərin tə’sirini aradan aparır, məsələn, tövbəni qeyd etmək olar. Belə ki, əgər layiqincə yerinə yetirilərsə, şəxsin günahları bağışlanır.
Bu, birbaşa həmin qaranlıq nöqtəyə saçan və onu işıqlandıran bir nura bənzəyir. Amma hər yaxşı əməl də hər günahın əsərini aradan aparmır. Buna görə də mümkündür ki, mö’min olan şəxs müəyyən müddət günahlarının cəzasını çəkdikdən sonra əbədi behiştə gəlsin. İnsanın ruhu sanki müxtəlif yönlərdən təşkil olunmuşdur. Onun pis və yaxşı əməllərinin hər dəstəsi onun bir yönünə aiddir. Məsələn “a” bəndinə aid olan yaxşı əməllər “b” bəndinə aid olan günahların əsərlərini aradan aparmır. Yalnız o zaman aradan aparar ki, saleh əməl o qədər nurani olsun ki, ruhun digər yönlərinə də işıq saçsın. Yaxud günah o qədər çirkin olsun ki, ruhun digər yönlərini də aludə etsin. Şərif rəvayətlərdə qeyd olunur ki, qəbul olunan namaz günahları yuyub aradan apararaq onların bağışlanmasına səbəb olur. Qur’ani-kərim buyurur:
«Namazı günün iki tərəfində və gecə saatlarında bərqərar et. Həqiqətən, yaxşı əməllər pis əməlləri aradan aparır.»
Günahlardan bə’ziləri, məsələn, valideynə ağ olmaq, şərab içmək müəyyən müddətə qədər ibadətlərin qəbul olunmasının qarşısını alır. Eləcə də bir kəsə kömək etdikdən sonra ona minnət qoymaq onun savabını aradan aparır. Qur’anda buyurulur:
«Minnət qoymaq və əziyyət etməklə öz ehsan və sədəqələrinizi (məhv edib) aradan aparmayın.»
Lakin yaxşı və pis əməllərin növünün tə’yin olunmasına və bir-birinə tə’sir göstərib tə’sir qəbul etməsinə gəldikdə isə, bunu, vəhy yolu ilə və mə’sumların (ə) sözlərindən əldə etmək lazımdır. Onların hamısı üçün ümumi bir qayda göstərmək olmaz.
Dərsin axırında qeyd edirik ki, pis əməllərin xoşagəlməzliklər, yaxud tövfiqin insandan alınması və s. yaxşı əməllərin isə xoşluqlar və tovfiqin verilməsi kimi yaxşı tə’sirləri elə bu dünyada zahir olur. Belə ki, başqalarına, xüsusilə ata-anaya, yaxın qohum-əqrəbaya ehsan etmək insan ömrünün uzanmasına, bəlaların dəf olunmasına səbəb olur. Əksinə, böyüklərə, xüsusilə, müəllimlərə ehtiramsızlıq etmək isə insanın tövfiqinin kəsilməsinə səbəb olur. Lakin bu kimi tə’sirlərin bu dünyada zahir olması cəzanın və ya mükafatın kamil şəkildə alınması mə’nasına deyil; mükafatların və cəzaların əsl yeri əbədi axirət dünyasıdır.
SUALLAR
1.“Həbt” və “təkfir”in mə’nası nədir?
2.İmanla küfr arasında neçə cür əlaqə mövcuddur? Onların hər birini izah edin.
3.Yaxşı əməllə pis əməl arasında neçə cür əlaqə mövcuddur və onlardan hansı düzgündür?
4.Yaxşı və pis əməllərin dünyəvi əsərləri onların axirətdəki cəza və mükafatlarını aradan aparırmı?
ƏLLİ SƏKKİZİNCİ DƏRS-MÖ’MİNLƏRİN İMTİYAZLARI
–Müqəddimə
–Savabın artması
–Kiçik günahların bağışlanması
–Başqalarının əməllərindən istifadə etmək
MÜQƏDDİMƏ
Allahşünasılq bölməsində mə’lum oldu ki, Allahın iradəsi nəticəsində yalnız xeyir və kamal işlər baş verir. Şərlər və nöqsanlar isə sonradan və vasitə əsasında ilahi iradəyə aid olur. Təbiidir ki, insan barəsində də Allahın ilkin iradəsi onun təkamülü və əbədi səadətə çataraq əbədi ne’mətlərdən bəhrələnməsidir. Günahkarların düzgün olmayan seçimi nəticəsində hasil olan əzab və bədbəxtçilikləri də Allahın hikmətli iradəsi əsasındadır. Lakin bu bilavasitə deyil. Əgər axirətdəki bədbəxtçilik və əzaba mübtəla olmaq insanların özlərinin qeyri-doğru seçimi nəticəsində olmasaydı, Allahın geniş rəhməti heç bir məxluqun əzaba düçar olmasına yol verməzdi.
İnsanın muxtar yaranmasını məhz Allahın bu geniş rəhməti tələb etmişdir. Amma iman və küfr kimi iki yoldan hər birini seçməyin ardınca da yaxşı və ya pis nəticələrə nail olmaq gəlir. Fərqi bundadır ki, yaxşı aqibətə nail olmaq bilavasitə, əzablara düçar olmaq isə bilvasitə (vasitə əsasında) iradəyə tabedir. Həmin fərqlər də həm təkvin, həm də təşri aləmində xeyir tərəfinə üstünlük verilməsini tələb edir. Yə’ni insan təkvin e’tibarı ilə elə yaradılmışdır ki, yaxşı və xeyirli işlər onun şəxsiyyətinin formalaşmasında daha dərin tə’sirlər qoysun və təşri baxımından da asan işlərə mükəlləf (vəzifəli) olunsun ki, səadət və nicat yolunu ötmək və əbədi əzabdan xilas olmaq üçün üzücü, çətin təkliflərə ehtiyacı olmasın. Mükafatverilmə və cəzalandırma məqamında da mükafat tərəfinə üstünlük verilir və Allahın rəhməti qəzəbindən irəli keçir. Rəhmətin irəli salınıb ona üstünlük verilməsi müəyyən işlərdə daha artıq nəzərə çarpır ki, onlardan bə’zilərini nümunə olaraq qeyd edirik:
SAVABIN ARTIRILMASI
Mütəal Allahın səadət yolunu seçmək istəyənlər üçün mükafatlandırılmaqdan ötrü nəzərdə tutduğu ilkin məziyyət və üstünlük bundan ibarətdir ki, onlara əməlləri qədərində deyil, əməllərindən artıq mükafat verir. Bu mətləb Qur’an ayələrində aşkar şəkildə qeyd edilmişdir. “Nəml” surəsinin 89-cu ayəsində belə buyurulur:
«Hər kəs yaxşı iş görsə, ondan daha yaxşısını ona verəcəklər.»
“Şura” surəsinin 23-cü ayəsində buyurulur:
«Hər kəs yaxşı iş görsə, onun yaxşılığını artırarıq.»
“Yunis” surəsinin 26-cı ayəsində buyurulur:
«Yaxşı iş görənlər üçün yaxşı iş və ondan artığı da vardır.»
“Nisa” surəsinin 40-cı ayəsində buyurulur:
«Həqiqətən, Allah zərrə qədər də zülm etməz. Əgər bu, yaxşı iş olsa, onun əvəzini bir neçə qat artırar və Öz yanında (buna) böyük mükafat verər.»
“Ən’am” surəsinin 160-cı ayəsində buyurulur:
«Hər kəs yaxşı iş görsə, onqat savab alacaqdır, hər kəs pis iş görsə, onun mislindən başqa şeylə cəzalandırılmaz və ona zülm olunmaz.»
KİÇİK GÜNAHLARIN BAĞIŞLANMASI
Digər bir imtiyaz budur ki, əgər mö’minlər böyük günahlardan çəkinərlərsə, mehriban Allah onların kiçik günahlarını bağışlayır və onların göstərdiyi tə’siri aradan aparır. Belə ki, “Nisa” surəsinin 31-ci ayəsində buyurulur:
«Əgər böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı bağışlayıb sizi bəyənilən bir məqama daxil edərik.»
Aydındır ki, belə şəxslərin kiçik günahlarının bağışlanma şərti tövbə deyildir. Çünki tövbə böyük günahların da bağışlanmasına səbəb olur.
BAŞQALARININ ƏMƏLLƏRİNDƏN İSTİFADƏ ETMƏK
Mö’minlərin imtiyazlarından digər biri budur ki, Mütəal Allah mələklərin və seçilmiş bəndələrin onlar haqqında etdikləri istiğfarını, eləcə də digər mö’minlərin onlar üçün etdiyi dua və istiğfarları qəbul edir. Hətta başqalarının mö’min şəxs üçün hədiyyə etdiyi əməllərin savabını belə, ona çatdırır.
Bu məsələ çoxlu ayə və hədislərdə bəyan olunmuşdur. Lakin bu mövzu şəfaət məsələsi ilə birbaşa əlaqədar və onun barəsində nisbətən ətraflı söhbət açılmalı olduğundan biz həmin qeyd olunanlarla kifayətlənirik.
SUALLAR
1.Allah rəhmətinin qəzəbindən öndə olmasının səbəbi nədir?
2.Bunun təkvin və təşri aləmində irəli keçməsini bəyan edin.
3.Onun insanın cəza və mükafatı ilə bağlı olan hallarını bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this