Hacı Nuri “Nəcmus-saqib” kitabında yazır: Ədalət və bir çox üstün xüsusiyyətləri ilə şöhrət tapmış böyük alim Hacı Molla Möhsün İsfahani Kərbəlanın yaxınlığında yaşayardı. Onun insanlığı, dindarlığı və əmanətə son dərəcə vəfalı olması hamının dillər əzbəri idi. O, böyük alim seyyid Məhəmməd Qətifidən belə bir əhvalat nəql edir:

Bir cümə axşamı tələbələrdən biri ilə Kufə məscidinə getmişdim. O zamanlar belə vaxtlarda məscidə gedib-gəlmək olduqca qorxulu idi. Çünki, yolkəsənlər ətrafa yayılıb soyğunçuluqla məşğul idilər. Bunun üçün də ziyarətə gələnlərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdı.

Biz məscidə daxil olduğumuz zaman orada dua oxuyan bir tələbədən savayı kimsə gözümüzə dəymədi. Biz də məscidin əməllərini yerinə yetirdikdən sonra kimsənin gələ bilməyəcəyindən əmin olmaq üçün içəridən məscidin qapısının qabağına xeyli daş-kəsək yığdıq. Sonra “dəkkətül-qəza”da üzü qibləyə tərəf oturub dua və ibadətlə məşğul olmağa başladıq. Gözəl əxlaqlı həmin tələbə isə həzin səslə “babul-fil” məqamına yaxın oturub “Kumeyl” duasını oxuyurdu. Hava olduqca saf, ay da tam dairəvi şəkildə idi. Onun işığı məscidə düşdükcə məni özünə cəzb edirdi. Birdən, məscidi müşk və ənbərdən də qoxusu gözəl ətir iyi bürüdü. Sonra ətrafa elə parlaq işıq yayıldı ki, ayın işığını belə üstələdi. İşıq məscidin bütün fəzasını bürüdü. Uca səslə “Kumeyl” duasını oxuyan həmin tələbə susaraq diqqətini ətrafı bürüyən iyə və məscidi nura qərq edən işığa yönəltdi. Elə bu vaxt möhkəm bağladığımız qapıdan çiyinində səccadə, əynində hicazlılara məxsus paltar olan bir şəxs içəri daxil oldu. O, qeyri-adi vüqarla həzrət Müslimin (ə) məqbərəsinə tərəf gedirdi. Bizim isə nəzərimiz qeyri-ixtiyari olaraq onun camalına dikilmişdi. Həyəcandan sanki qəlbimiz yerindən qopacaqdı. Bizə yaxınlaşıb salam verdi. Amma dostum o qədər həyəcanlı idi ki, salam verməyə taqəti olmadı. Mən isə çətinliklə də olsa salamının cavabını verdim.

O, həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdikdən sonra biz əvvəlki vəziyyətimizə qayıtdıq. Dostumdan soruşdum: Bu şəxs kim idi? Haradan məscidə daxil oldu? Sonra yerimizdən qalxıb onun ardınca həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdik. Gördük ki, orada olan tələbə köynəyini cırıb uşağı ölmüş ana kimi zar-zar ağlayır. Ondan niyə belə ağladığını soruşduq. Dedi: Qırx cümə axşamıdır ki, İmam Zamanı (ə) görmək üçün bu məscidə gəlirəm. Amma arzuma çata bilmədim. Bu gün də özünüz gördünüz, İmam Zaman (ə) gəlib başım üstə dayanıb nə etdiyimi soruşdu. Mən isə üzündəki heybətdən dilim tutulub bir söz deyə bilmədim. O da üzünü çevirib getdi.

Məscidə qayıdıb qapının arxasına nəzər saldıqda, gördük ki, daşları ora necə düzmüşdüksə eləcə də qalmışdır.

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…


more post like this