–Müqəddimə
–Dünya axirətin əkin sahəsidir
–Dünya ne’mətləri axirət səadətinə səbəb olmur
–Dünya ne’mətləri axirət bədbəxtliyinə səbəb olmur
–Nəticə
MÜQƏDDİMƏ
Mə’lum oldu ki, insan həyatı onun dünyadakı ötəri həyatı ilə bitmir. O, axirət aləmində bir daha diriləcək və orada həmişəlik olaraq diri qalacaqdır. Bu da mə’lum oldu ki, axirət aləmi həqiqi həyatdır. Belə ki, dünya həyatı onunla müqayisəyə gəlmir.
İndi isə əvvəla, dünya həyatı ilə axirət həyatı arasında əlaqə və asılılığın varlığını, sonra isə hansı növ əlaqədən ibarət olmasını müəyyən etməliyik. Əlbəttə, keçən bəhslərdən bu əlaqənin növü müəyyən qədər aydın oldu, lakin bu barədə müəyyən müəmma və şübhələr mövcud olduğundan daha artıq izahat verilməsi yerinə düşərdi. Belə ki, əqli dəlillərdən və Qur’an ayələrindən istifadə edərək axirət və dünya arasında əlaqəni bəyan edirik.
DÜNYA AXİRƏT ÜÇÜN ƏKİN SAHƏSİDİR
Burada qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, axirətdəki əbədi bədbəxtlik və ya səadət insanın bu dünyadakı əməl və rəftarlarından asılıdır. Elə də deyildir ki, insan axirət ne’mətlərini ələ gətirmək üçün elə axirət aləmində sə’y göstərməklə bilsin, daha güclü fikri və fiziki qüvvəyə malik olanlar daha artıq ne’mətlərdən bəhrələnsinlər və yaxud hiylə və fırıldaq yolu ilə başqalarının əməyini mənimsəsinlər. Belə ki, bə’zi nadanlar belə təsəvvür edərək axirət aləmini dünyadan tamamilə ayrı bilmişlər.
Qur’an bə’zi kafirlərin sözünü belə nəql edir:
«(Dünaya məftun olan şəxs dedi:) «Axirətin bərqərar olacağını güman etmirəm (əgər bərqərar olsa və) Pərvərdigarıma doğru qaytarılsam özümə bundan da yaxşı bir məskən taparam!»
Başqa bir ayədə kafirlərin dilindən belə buyurulur:
«Qiyamətin qopacağını güman etmirəm. Doğrudan da əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm, Onun dərgahında məni ən gözəl ne’mət (Cənnət) gözləyir» – deyər.»
Belə şəxslər axirət aləmində də fəaliyyət göstərməklə çoxlu ne’mətlər kəsb etməyin mümkünlüyünü, ya da dünyada müxtəlif ne’mətlərdən bəhrələnmələrini Allahın onlar barəsində xüsusi mərhəmət göstərməsinin əlaməti kimi və buna əsasən də axirətdə də lütf və mərhəmətə nail olacaqlarını güman edirlər.
Deməli, əgər bir şəxs axirət aləminin dünyadan tamamilə ayrı və onunla heç bir əlaqəsi olmayan bir aləm olduğunu güman etsə, o, aləmin ne’mətlərinin bu dünyada gördüyü yaxşı əməllərə və o aləmin əzablarının əsaslandığını inkar etsə, onda bu şəxs bütün səmavi dinlərin e’tiqad prinsiplərindən biri olan məada iman gətirməmişdir. Çünki bu prinsipin əsası axirətin mükafat və cəzalarını dünyəvi əməllərin nəticəsinə bağlı olması üzərindədir. Buna görə də dünya aləmi axirət üçün bazar, ticarət yeri, yaxud əkin sahəsi adlandırılmışdır ki, insan bu dünyada göstərdiyi fəaliyyətlərin, işlərin və əməllərin əvəzini orada almalıdır. Məad və Qur’an ayələri və Məada bağlı olan məsələlər də məhz bunu bəyan edir və əlavə izaha etiyac duyulmur.
DÜNYA NE’MƏTLƏRİ AXİRƏT SƏADƏTİNƏ SƏBƏB OLMUR
Bə’ziləri də belə təsəvvür edirlər ki, dünyadakı mal-dövlət, oğul-uşaq, eyş-işrət və s. kimi vasitələr axirətdəki rahatlığa və asayişə səbəb olacaqdır. Bəlkə də ölülərlə yanaşı qızıl-gümüşün, qiymətli daş-qaşların və hətta yemək məhsullarının dəfn edilməsi də bundan irəli gəlmişdir.
Qur’ani-kərim tə’kidlə bəyan edir ki, mal-dövlət və əhl-əyal özlüyündə (onlarla əlaqədar olan xüsusi əməl və rəftarları nəzərə almadan) insanın Allah dərgahına yaxınlaşmasına səbəb olmaz, axirət aləmində də bir kəsə fayda verməz və qiyamətdə də bu cür dünyəvi əlaqələr və səbəblər tamamilə qırılar. Hər kəs özünün malik olduğu və ona aid olan şeylərdən məhrum halda, tək-tənha Mütəal Allaha doğru qaytarılar. Yalnız Allahla olan mə’nəvi əlaqələr əbədi qalar. Buna görə də öz həyat yoldaşı, övladı və qohum-əqrəbası ilə mə’nəvi iman əlaqələrinə malik olan mö’minlər behiştdə də bir yerdə olacaqlar.
Bir sözlə, dünya ilə axirət arasında olan əlaqə və bağlılıq dünyadakı varlıqların bir-biri ilə olan əlaqəsi kimi deyildir. Belə deyildir ki, dünyada daha qüdrətli, daha gözəl, daha şad olub ne’mətlərdən daha çox bəhrələnən kəs axirətdə də o cür olacaq. Əks halda fir’onlar və qarunlar axirətdə daha artıq səadətə nail olardı. Elələri var ki, dünyada zəif, əliboş və daim əzab-əziyyətdə olurlar, lakin ilahi vəzifələri lazımınca yerinə yetirdiklərinə görə qiyamət günü sağlam, gözəl və qüvvətli, məhşur olaraq ne’mətlərdən bəhrələnirlər.
Qafil insanlardan bə’ziləri belə güman edirlər ki, “hər kəs bu dünyada kor olsa, axirətdə də kordur və yolunu azmışdır» ayəsinin mə’nası budur ki, dünyadakı sağlamlıq və ne’mətlərdən bəhrələnmək axirət sağlamlığı və axirət ne’mətlərindən bəhrələnməklə birbaşa əlaqəlidir. Halbuki, onlar bu ayədəki korluq dedikdə məqsədin zahiri korluq deyil, qəlbin korluğu olmasını başa düşməmişlər. Belə ki, sonrakı ayədə buyurulur:
«Həqiqətən gözlər kor olmaz, əksinə, onların sinələrində olan qəlbləri kor olar.»
Başqa bir ayədə buyurulur:
«Hər kəs Mənim öyüd-nəsihətlərimdən üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən görürdüm?” (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan”.»
Deməli, o dünyadakı korluğun əsas səbəbi zahiri korluq deyil, bu dünyada ilahi ayələrin unudulmasıdır. Buradan aydın olur ki, dünya ilə axirət arasında olan rabitə dünyəvi əsaslar üzrə olan rabitə kimi deyildir.
DÜNYA NE’MƏTLƏRİ AXİRƏT BƏDBƏXTLİYİNƏ DƏ SƏBƏB OLMUR
Digər tərəfdən, bə’ziləri belə təsəvvür edirlər ki, dünya ne’mətləri ilə axirət ne’mətləri arasında ziddiyyət mövcuddur. Yə’ni axirətdə o şəxslər səadətə çata bilər ki, dünya ne’mətlərindən məhrum olsunlar. Bunun əksinə olaraq hər kəs dünya ne’mətlərindən bəhrələnibsə, axirət xoşbəxtliyindən məhrum olacaqdır. Onlar bu müddəalarında dünyapərəstlərin heç bir axirət bəhrəsi olmadığına dəlalət edən bə’zi ayə və rəvayətlərə istinad etmişlər. Halbuki, dünyapərstlik dünya ne’mətlərindən bəhrələnməklə eyni tutula bilməz. Əksinə, dünyapərəst insan dünya ne’mət və ləzzətlərini özünə hədəf olaraq seçir və hətta öz arzusuna çatmasa belə bütün ömrünü və var-qüvvəsini onları əldə etməyə sərf edir. Axirət istəyən şəxs odur ki, dünya malına və ne’mətinə ürək bağlamasın. Hətta dünya ne’mətlərindən çox nəsibi olsa belə, hədəfi axirət həyatı olsun. Həzrət Süleymanı (ə) və bə’zi peyğəmbərləri, eləcə də Allah övliyalarından çoxunu qeyd etmək olar ki, onlar dünya ne’mətlərindən çox bəhrələnmiş lakin, bunları öz axirət səadətlərinə, ilahi razılığa çatmaq yolunda istifadə etmişlər.
Deməli, dünya ne’mətlərindən bəhrələnməklə axirət ne’mətlərindən bəhrələnmək arasında nə birbaşa əlaqə, nə də əks nisbət vardır. Dünyanın həm ne’mətləri, həm də bəlaları Allahın hikmətli tədbiri əsasında olaraq insanlar arasında müəyyən olunur və bunların hamısı insanların sınaqdan keçirilməsi üçün bir vasitədir. Dünya ne’mətlərindən bəhrələnməyin özlüyündə ilahi rəhmətə və səadətə nail olmaqda, onlardan məhrum olmağın da axirət bədbəxtliyinə düçar olmaqda heç bir tə’siri yoxdur.
NƏTİCƏ
Bu bəhslərdən belə nəticə alınır ki, dünya və axirət arasında hər növ əlaqənin inkar olunması məadın inkar olunması kimidir. Lakin nə dünya məhrumiyyəti ilə axirət ne’mətləri arasında bir rabitə vardır, nə də dünya ne’mətləri ilə axirət əzabı arasında. Ümumiyyətlə, dünya ilə axirət arasındakı rabitə dünya varlıqları arasındakı rabitə kimi olaraq fiziki, bioloji qanunlara tabe deyil. Əksinə, axirətdə ne’mət və ya əzaba səbəb olan şeylər insanın dünyadakı ixtiyari əməllərindən asılıdır. Bunun özü də qüvvə və enerjini sərf edərək maddələrdə müəyyən dəyişiklik yaratmağa görə deyil. Əksinə, iman və küfrdən qaynaqlandığına görədir. Axirət səadətini və əbədi xoşbəxtliyi əldə etmək məhz Allaha, qiyamət gününə, ilahi peyğəmbərlərə iman gətirmək, Allah bəyənən işləri görmək, o cümlədən namaz qılmaq, oruc tutmaq, cihad etmək, cəmiyyətə yaxşılıq, əmr be mə’ruf nəhy əz münkər etmək, kafirlər və zalımlarla mübarizə aparmaq, haqq-ədalətin bərqərar olunması üçün çalışmaq və s. kimi işlərlə bağlıdır. Bunun müqabilində də əbədi əzaba mübtəla olmaq küfr etmək, Allaha şərik qoşmaq, nifaq (münafiqlik) etmək, qiyaməti və ilahi peyğəmbərləri təkzib etmək, müxtəlif günahlara batmaq, zülmlərə qurşanmaqla əlaqəlidir. Çoxlu ayələrdə (və qısa şəkildə) axirət səadətinin amili “iman və saleh əməl”, əbədi bədbəxtliyin amili isə “küfr və günah” kimi təqdim edilir.
SUALLAR
1.Dünya ilə axirət arasındakı əlaqənin inkar olunması nəyi gərəkli edir?
2.Dünyanın axirət üçün əkin sahəsi olmasının mə’nasını izah edin.
3.Dünya ne’mətləri ilə axirət ne’mətləri arasında hansı nisbət vardır?
4.Düna ne’mətləri ilə axirət əzabları arasında hansı nisbət vardır?
5.Dünyanın hansı işləri ilə axirətin səadət və ya bədbəxtliyi arasında həqiqi rabitə vardır?
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this