Hacı Nuri “Nəcmus-saqib” kitabında Molla Zeynəlabidin Səlmasidən belə bir əhvalat nəql edir:

 

Bir gün Nəcəf-Əşrəfdə Ayətullah Seyyid Sind və böyük alim Bəhrul-Ülumun dərsində iştirak edirdim. Təxminən, yüz nəfər tələbə dərsdə iştirak edirdi. Birdən, “Qəvanin” kitabının müəllifi Mirzə Qumi içəri daxil oldu. O, İrandan bura müqəddəs yerləri ziyarət etmək üçün gəlmişdi. Bundan sonra Məkkəyə həcc ziyarətinə getməli idi. Onun Bəhrul-Ülumla görüşünə hörmət əlaməti olaraq tələbələr durub dağılışdılar. Yalnız üç nəfər böyük alim və müctəhid birgə qaldı. Mən də onların bu görüşündə iştirak etdim.

 

Söhbət əsnasında Mirzə Qumi seyyid Bəhrul-Üluma dedi: Siz həm cismən, həm də ruhən Əhli-beytə mənsub olub yüksək mə`nəvi məqam sahibisiniz. Uzaq yoldan gəlirəm və xahiş edirəm əldə etdiyiniz tükənməz mə`nəvi ne`mətlərdən bizə də bəxş edin, biz də faydalanaq. Seyyid Bəhrul-Ülum sözü uzatmadan dedi: Elə dünən, gecə namazının nafiləsini qılmaq üçün Kufə məscidinə getmişdim. Qəti fikrim də var idi ki, səhər tezdən qayıdım və dərsləri tə`xirə salmayım. Sübh tezdən məsciddən çıxdıqda, yaman ürəyimdən keçdi ki, Səhlə məscidinə də bir baş çəkim. Lakin dərsə gecikməyim deyə fikrimdən daşındım. Amma ora getmək istəyi isə məndə hər an artırdı. Elə bu vaxt tozlu külək qalxıb məni Səhlə məscidinə tərəf istiqamətləndirdi. Çox keçmədən özümü Səhlə məscidinin qarşısında gördüm. Məscidə daxil olduqda, orada fədası olduğumuzdan başqa kimsə yox idi. O, elə münacat edirdi ki, qəlblər lərzəyə gəlir, gözlər isə yaşla dolurdu. Onu bu halda görcək, əl-ayağım tutuldu, dizlərim əsdi. O vaxta qədər nə elə həzin səs eşitməmiş, nə də dua kitablarında elə duaya rast gəlmişdim. Başa düşdüm ki, Həzrət münacatı bədahətən deyir. Elə dayanıb münacatına qulaq asır və böyük həzz alırdım. Münacatını qurtardıqdan sonra üzünü mənə tutub fars dilində buyurdu: Mehdi, bura gəl! Mən bir neçə addım irəliləyib dayandım. Bir daha buyurdu: Yaxın gəl! Mən bir az da qabağa gedib dayandım. Mən o qədər irəlilədim ki, mənim əlim onun əlinə, onun əli də mənim əlimə çatırdı. Bu vaxt mənə bir söz dedi.

 

Seyyid Bəhrul-Ülum daha İmam Zaman (ə)-ın ona nə dediyini söyləməyib Mirzə Quminin ona əvvəl verdiyini suala cavab verməyə başladı və bir sıra başqa məsələlər haqda söhbətini davam etdirdi. Söhbətin axırında Mirzə Qumi soruşdu: İmam Zaman (ə)-ın buyurduğu o söz nə idi? Bəhrul-Ülum dedi: O daha bir sirdir.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 


more post like this