–Müqəddimə
–İman və küfrün həqiqəti
–İman və küfrün həddi
–İnsanın əbədi xoşbəxt və ya bədbəxt olmasında iman və küfrün tə’siri
–Bu barədə olan Qur’an ayələri
MÜQƏDDİMƏ
Digər bir məsələ budur ki, imanla yanaşı olan hər biri saleh əməlin insanın əbədi xoşbəxtliyə çatmasında müstəqil rola malikdir, yoxsa onların məcmusu onun xoşbəxtliyinə çatmasına səbəb olur? Həmçinin bunun müqabilində də belə bir sual yaranır ki, hər bir günah əməl təklikdə insanın əbədi əzaba düşməsinə səbəb olur, yoxsa, onların məcmusu belə bir tə’sirə malikdir? İkinci halda əgər bir şəxs yalnız imana, yaxud təkcə saleh əmələ sahib olsa, onun aqibəti necə olacaqdır? Eləcə də əgər bir şəxs yalnız küfr edərsə, yaxud (küfr etmədən) təkcə günahlara mürtəkib olarsa, onun axır-aqibəti necə olacaqdır? Əgər imanlı bir şəxs çoxlu günahlara düçar olarsa, yaxud kafir bir şəxs çoxlu yaxşı əməllər görərsə, onda bədbəxt olacaq, yoxsa xoşbəxt? Hər iki halda əgər bir şəxs həyatının bir qismini iman və əməli-salehlə, digər bir qismini isə küfr və günahkarlıqla keçirmiş olarsa, onda onu hansı aqibət gözləyir?
Bu kimi məsələlər İslamın zahir olduğu ilk dövrlərdən e’tibarən araşdırılmış, xəvaric kimiləri inanmışlar ki, kəbirə günahlara mürtəkib olmaq müstəqil surətdə insanın əbədi bəxbəxtçiliyə düşməsinə səbəb olur. Hətta bu iş insanın küfrünə və mürtəd olmasına belə səbəb olur. Mürciə kimi digər firqələrin inancına görə isə təkcə iman əbədi səadət üçün kifayətdir, günaha mürtəkib olmaq mö’minin səadətinə zərər və xələl gətirmir.
Amma həqiqət bundan ibarətdir ki, hər günah küfrə və əbədi bədbəxtçiliyə səbəb olmur, hərçənd günahların çoxluğunun imandan çıxmağa da səbəb olması mümkündür. Digər tərəfdən, imanın varlığı ilə hər günahın bağışlanması və heç bir pis tə’sir qoymaması da düzgün təsəvvür deyildir.
Bu dərsdə əvvəlcə iman və küfrün həqiqəti barəsində izah verəcək, sonra onların insanın əbədi səadət və bədbəxtliyində nə dərəcədə əhəmiyyətə malik olduğunu araşdıracağıq. Qalan məsələləri isə növbəti dərsdə bəyan edəcəyik.
İMAN VƏ KÜFRÜN HƏQİQƏTİ
İman ruhi və qəlbi bir halətdir. O hər hansı bir məfhumla bağlı anlayışa malik olmaq və ona meyl etmək nəticəsində hasil olur. Bu iki amilin hər birinin zəif və ya güclü olması ilə əlaqədar iman da, ya kamal həddinə çatır və ya azalır. Əgər insan hər hansı bir şeyin varlığı barədə (zənn və güman yolu ilə olsa da) mə’lumat tapmazsa, ona iman gətirə bilməz. Amma agahlıq və mə’lumat da təklikdə kifayət etmir. Çünki agahlıq tələb edən işlər onun ürəyinin istədiyinin və təbii meyllərinin əksinə ola bilər və ya onun əksinə meyl edə bilər. Buna görə də o, əməli və onun törəmələrini yerinə yetirmək qərarına gələ bilər. Hətta onların əksinə olan qərar qəbul edə bilər.
Qur’ani-kərim Fir’on və onun yaxınları haqqında belə buyurur:
«Onlar zülm etdiklərinə və özlərini uca tutduqlarına görə ilahi ayələri inkar etdilər. Halbuki, onların haqq olmağına yəqinlikləri var idi.»
Həzrət Musa (ə) Fir’ona xitabən buyurur:
«Şübhəsiz, ayə və mö’cüzələrin dünyanın Pərvərdigarından başqa bir şəxsin nazil etmədiyini bilirsən.»
O özünün iman gətirməməsinə baxmayaraq camaata belə deyirdi:
«Mən sizin üçün, özümdən başqa bir mə’bud tanımıram.»
Amma qərqolma ərəfəsində belə deyir:
«Mən Bəni-İsrailin iman gətirdiyi mə’budun olmasına iman gətirdim.»
Əvvəldə də qeyd olundu ki, məcburiyyət əsasında olan iman həqiqi iman səviyyəsində çatmır və heç vaxt ilahi dərgahda qəbul olunmur. Deməli, imanın həqiqəti qəlbən yönəlmə və ixtiyar üzündən olmaqdan ibarətdir. Amma elm və agahlıqda isə belə deyil. Çünki o ixtiyarsız olaraq da hasil ola bilir. Deməli, imanı ixtiyari və qəlbi bir əməl hesab etmək, yə’ni əməlin məfhumunu genişləndirməklə imanı da əməl saymaq olar.
Amma küfr kəlməsi bə’zən “imanın olmaması” mə’nasına işlədilir. İmana malik olmamaq (istər bəsit şəkk və cəhalət üzündən olsun, istər mürəkkəb cəhalət üzündən, istərsə də müxalif meyllər, qəsdən olan inkar və ya inadkarlıq üzündən olsun) küfr adlandırılır. Bə’zən sonuncu qismə, yə’ni, inad və inkara aid edilir ki, bu da imanın ziddi hesab olunur.
İMAN VƏ KÜFRÜN HƏDDİ
Qur’ani-kərim ayələri və rəvayətlərdən mə’lum olduğu kimi, əbədi səadətə çatmaq üçün imanın ən aşağı səviyyəsi Allaha, axirətdəki cəza və mükafatlara iman gətirmək, peyğəmbərləri və onlara nazil olanların düzlüyünü təsdiq etmək, bunun ardınca da Mütəal Allahın göstərişlərinə, əmr və fərmanlarına müəyyən mə’nada (icmali) əməl etməyə dair qərara gəlməkdən ibarətdir. Onun ali mərtəbəsi isə peyğəmbərlərə və ilahi övliyalara məxsusdur.
Küfrün ən zəif mərtəbəsi isə tövhidi, nübüvvəti, məadı inkar etmək, onlarda şəkk-şübhədə olmaq, yaxud Mütəal Allah tərəfindən peyğəmbərlərə nazil olmasını bildiyi şeyləri – dinin zəruri məsələlərini inkar etməkdir. Küfrün ən pis mərhələsi isə düzgün olduqlarını bildiyi halda bütün bu həqiqətləri, inad üzündən inkar etmək və haqq din ilə mübarizə etməyə dair qəti qərara gəlməkdir. Deməli, şirk də (yə’ni tövhidin inkar olunması) küfrün nümunələrindən biridir. Münafiqlik də aldadıcılıq və zahirdə özünü müsəlman göstərməklə yanaşı olan batini küfrdür. Münafiqin (niqablı kafirin) iman və insanlıqdan süqutu başqa kafirlərdən artıqdır. Belə ki, Qur’anda buyurulur:
«Həqiqətən münafiqlər cəhənnəm odunun ən aşağı mərtəbələrindədir.»
Burada qeyd olunmalı məsələ budur ki, fiqhdə irəli çəkilən kəsilən heyvanın paklığı, nikaha icazə, irs aparmaq və s. kimi hökmlərin üsuliddində qeyd olunan iman və küfrü tələb etmir. Çünki bir şəxsin şəhadət kəlmələrini deməsi və nəticədə İslam fiqhinin hökmlərinin onun üzərində cərəyan etməsi mümkündür, halbuki o tövhid və nübüvvətin məzmununa qəlbən iman gətirməyə bilər.
Digər məsələ budur ki, əgər birinin üsuliddin barədə mə’lumat kəsb etməyə qüdrəti olmasa və misal üçün, dəli və ya ağılsız olsa, yaxud mühitin, şəraitin münasib olmadığına görə haqq dini tanıya bilməsə, həmin qədər üzürlü sayılacaqdır. Amma mə’lumat üçün imkan ola-ola təqsirə yol versə və şəkk halında qalsa, yaxud dəlil olmadan dinin üsul və zəruriyyətlərini inkar etsə, üzürlü sayılmayacaq və əbədi əzaba düçar olacaqdır.
İNSANIN ƏBƏDİ XOŞBƏXTLİYİNDƏ İMANIN VƏ ƏBƏDİ BƏDBƏXTLİYİNDƏ KÜFRÜN TƏ’SİRİ
İnsanın həqiqi kamalı ilahi dərgaha yaxınlıqla, onun süqutu isə Mütəal Allahdan uzaqlıqla əlaqədardır. Buna diqqət yetirməklə Allaha, Onun təkvini və təşri’i rübubiyyətinə iman (bu, məad və nübüvvətə imanı zəruri edir) bir növ insanın həqiqi təkamülünün pöhrəsinə oxşayır. Allahın bəyəndiyi işlər isə həmin pöhrənin qol-budağına və yarpaqlarına, meyvələri isə axirət aləmində zahir olan əbədi səadətə oxşayır. Deməli, əgər bir şəxs öz qəlbində iman toxumunu cücərtməsə, bu bərəkətli ağacı əkməsə, əksinə, onun yerinə zəhərli küfr və günah toxumu səpsə, Allah verən iste’dadları zay etmiş və elə bir ağac cücərtmiş olur ki, onun meyvəsi cəhənnəmdəki zəqqum ağacının meyvəsidir. Belə bir şəxsin əbədi səadətə çatması heç vaxt mümkün deyildir və onun gördüyü yaxşı işlər bu dünyanın sərhədlərindən aşmayacaqdır.
Səbəbi də budur ki, insanın hər ixtiyari işi, onun ruhu üçün nəzərdə tutulan hədəfə doğru olan bir hərəkətdir. Əbədiyyət aləminə, ilahi dərgaha yaxınlığa e’tiqadı olmayan bir şəxsin belə bir hədəf və məqsədi nəzərə alması, eləcə də öz əməl və rəftarlarına belə bir istiqamət verməsi necə mümkün olar bilər?! Təbiidir ki, belə şəxs Allah tərəfindən əbədi səadət gözləyə bilməz. Kafirlərin yaxşı əməllərinə gəldikdə isə, yalnız bunu demək olar ki, bu əməl onların əzablarının müəyyən qədər yüngülləşməsinə səbəb olur. Çünki bu cür əməllər özünəpərəstiş və inadkarlıq ruhiyyəsini müəyyən qədər zəiflədə bilər.
BU BARDƏ OLAN QUR’AN AYƏLƏRİ
Qur’an insanın əbədi səadətində imanın əsaslı və mühüm rolunu xatırlatmış, yüzlərlə ayədə imanın ardınca saleh əməli qeyd etmişdir. Bundan əlavə, bir neçə ayədə də imanı yaxşı əməlin axirət səadətinə mühüm tə’sir göstərdiyini bildirir:
«Mö’min olan halda yaxşı əməl görən hər bir mö’min kişi və qadın behiştə daxil olacaqdır.»
Digər tərəfdən isə, kafirlər üçün cəhənnəm və əbədi əzab nəzərdə tutmuş, onların (yaxşı) əməllərini puç və səmərəsiz hesab edir:
«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq.»
Başqa bir ayədə buyurulur ki, kafirlərin əməllərini havada toz kimi pərakəndə edərik:
«Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havada uçan) dağınıq zərrərlərə (toz dənələrinə) döndərərik!»
Başqa bir ayədə onların əməlini ilğıma bənzədir:
«Kafirlərin əməlləri düzəngah yerdə olan ilğıma bənzəyir ki, susuz adam onun su olduğunu təsəvvür edir, amma onun yanına gəlib çatdıqda heç bir şey tapa bilməz. O öz əməlinin yanında ancaq Allah cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»
«Yaxud dərin dəryalardakı zülmət kimidir. Onu bir dalğa, onun üzərindən də başqa bir dalğa, onun da üzərində bulud – zülmət üstündən zülmət örtər. Əlini çıxartdığı zaman hardasa onu görməz. Allah hər kəsə nur bəxş etməsə, onun nuru olmaz.»
Digər ayələrdə buyurulur ki, dünyaya məftun olanların işlərinin nəticəsi onlara elə bu dünyada veriləcək, axirətdə isə heç bir bəhrələri olmayacaqdır:
«Dünya həyatı və onun zinətlərini istəyən şəxslərin paylarını onlara verərik və ondan heç bir şey azaldılmaz. Axirətdə isə atəşdən başqa heç nələri olmaz. Dünyada gördükləri işlər və puç əməllər də zay olar.»
SUALLAR
1.Xəvaric və mürciənin iman və küfr barəsindəki nəzərlərini, eləcə də bu barədə haqq nəzəriyyəni bəyan edin.
2.İman və küfrün həqiqətini, onların elm və cəhalətlə olan əlaqəsini şərh edin.
3.Küfr və imanın həddini bəyan edin.
4.Şirk və nifaqın küfrlə olan nisbətini bəyan edin.
5.Fiqhdə deyilən İslam və küfrün kəlam elmindəki iman və küfrlə nə əlaqəsi var?
6.İman və küfrün insanın əbədi xoşbəxt və ya bədbəxt olmasındakı tə’sirini və bunun sirrini bəyan edin.
7.Qur’andan bu tə’sir barəsində olan ayələri söyləyin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 


more post like this