Hacı Nuri (Allah ona rəhmət etsin) deyir: Son dərəcə əməli saleh və təqva sahibi olan Şeyx Məhəmməd Tahir Nəcəfi Kufə məscidinin xidmətçisi olmuş və uzun müddət ailəsi ilə birlikdə orada yaşamışdır. Mən özüm də onu uzun illər idi ki, təqvalı və dindar bir şəxs kimi tanıyırdım. Uzun müddət zöhd və Kufə məscidində ibadətlə məşğul olan təqvalı bir alim mənə şeyx Məhəmməd Tahirin təqva və dindarlığını tə`rifləyərək ondan belə bir əhvalat nəql etdi:

 

Keçən il Kufə məscidinə getmişdim. Onunla görüşüb hal-əhval tutdum. Mənə belə bir əhvalat danışdı: Neçə il əvvəl Nəcəf-Əşrəfin iki qəbiləsi arasında qarşıdurma yarandığından ziyarətçilər və elm adamlarının Kufə məscidinə gəlişi azaldı. Mənin evimin ehtiyacları da yalnız bu yolla tə`min olunduğu üçün maddi vəziyyətim həddindən artıq çətinləşdi. Neçə yetim uşağa da himayədarlıq etdiyimdən yaranmış şərait məni lap ağır vəziyyətə saldı.

 

Bir cümə axşamı idi. Mənim nə pulum qalmışdı, nə də ki, pul qazanmağa taqətim. Yetimlər acından nalə edir, mən isə dərd çəkirdim. Təndir adı ilə tanınan “səfinə” məhəlli ilə “dəkkətül-qəza” arasında üzü qibləyə oturub düşdüyüm vəziyyətdən Allah-təalaya gileyləndim. Axırda dedim: İlahi! Nə olar, mən bu vəziyyətimə razıyam, amma heç ağam İmam Zaman (ə)-ın mübarək camalını da görmək mənə nəsib olmur. Əgər bunu mənə nəsib etsən, Səndən bundan artıq bir şey istəməyəcəyəm və ömrümün sonunadək yoxsulluğuma səbir edəcəyəm. Birdən, qeyri-ixtiyari olaraq ayağa qalxdım və özümə gələndə gördüm ki, bir əlimdə ağ səccadə var, o biri əlimdən isə üzündən nur yağan alicənab, vüqarlı bir cavan tutmuşdur. Onun əynində qaraya çalan nəfis paltar var idi. Bunun üçün də mən onu şahzadələrə oxşatdım. Lakin, gördüm ki, başında yaşıl əmmamə, yanında isə ağ paltarlı başqa bir şəxs vardır.

 

Nəhayət, biz üç nəfər “dəkkətül-qəza”ya tərəf gedib mehraba yaxınlaşdıq. Ora çatdıqda, mənə dedi: Ey Tahir, səccadəni sər! Mən də səccadəni sərdim. O, olduqca ağ və parlaq idi, amma onun nədən hazırlandığını bilmədim. Mən səccadəni qibləyə tərəf açdım və o şəxs onun üstündə dayandı və təkbir (Allahu Əkbər) deyib namaz qılmağa başladı. Ondan ətrafa nur yayılırdı. Mən onda əzəmət və nurun hər an artdığını hiss edirdim. Tədricən, onun nuru o qədər çoxaldı ki, artıq üzünü görə bilmədim. Onunla gələn şəxs də dörd qarış fasilə ilə arxada dayanıb namaza başladı.

 

Mən onlarla üzbəüz dayanıb fikirləşirdim ki, görəsən onlar kimdirlər? Namazı qılıb qurtardıqdan sonra birinci şəxsin arxasında namaz qılan şəxsi artıq görmədim. Amma birdən arxada namaz qılan şəxs görünməz oldu və gördüm ki, qarşıda namaz qılan şəxs isə hündürlüyü iki metir və yuxurısı taclı parlaq bir taxtın üzərində əyləşmiş və müqəddəs vücudu hər tərəfə işıq saçır. Vücudu o qədər parlaq idi ki, gözləri qamaşdırır və onu görmək olmurdu. Sonra üzünü mənə tutub dedi: Ey Tahir! Məni hansı hökmdara bənzətmişdin?! Dedim: Ey ağam! Siz hökmdarlar hökmdarı, bütün dünyanın ağasısınız. Siz onlardan deyilsiniz. Buyurdu: Ey Tahir! Öz arzuna çatdın. İndi de görüm, nə istəyirsən? Məgər biz hər gün sizin fikrinizdə deyilikmi? Bil ki, sizin gördüyünüz işlər və mövcud vəziyyətiniz barədə ardıcıl bizə xəbər verilir.

 

Bundan sonra mənə dedi ki, maddi vəziyyətim yaxşılaşaraq yoxsulluqdan yaxa qurtaracağam. Elə bu vaxt tanıdığım və adını bildiyim günahkar bir nəfər həzrət Müslim (ə)-ın ziyarətgahının həyətindən çıxıb Kufə məscidinə daxil oldu. Bu an həzrətin mübarək simasında qəzəb nişanələri gördüm. O, üzünü həmin günahkar şəxsə tərəf tutub dedi: Ey! Hara qaça bilərsən? Məgər yer üzü bizə məxsus deyilmi? Məgər göylər bizə məxsus deyilmi? Bil ki, göydə və yer üzündə bizim hökmlərimiz icra olunmalıdır və sənin onlara tabe olmaqdan başqa çarən yoxdur.

 

Sonra üzünü mənə tutub gülümsəyərək dedi: Ey Tahir! İstəyinə nail oldun. Bundan başqa nə istəyirsən? Onun heybəti məni o qədər tutmuşdu ki, hətta danışa belə bilmirdim. O, bir daha dediklərini təkrar etdi. Mən yenə də ağzımı açıb nə bir kəlmə deyə bildim, nə də ondan bir şey soruşa bildim. Mən o qədər sevinc hissi keçirirdim ki, bunu dillə demək olmur. Elə bu vaxt bir anda özümü məsciddə gördüm. Ətrafımda nə bir kimsə var idi, nə də ondan bir əsər-əlamət qalmamışdı. Bu vaxt gördüm ki, artıq gün yavaş-yavaş üfüqdən baş qaldırır.

 

Şükür olsun Allaha, o vaxtdan bu günədək ruzim boldur və heç vaxt maddi çətinlik çəkmirəm.

 

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR – kitabında…

 

 

 

 

 


more post like this