Sufilik islam dünyasında necə meydana gəlmişdir?
Sufilik islam dünyasının öz daxilindən qaynaqlanan bir cərəyandır, yoxsa xaricdən?
SUFİLİYİN İSLAM ALƏMİNDƏ MEYDANA GƏLMƏ SƏBƏBLƏRİ
Sufiliyin islam dünyasında meydana gəlməsi barədə nəzərə çarpacaq dərəcədə ixtilaflar mövcuddur. Bə᾿zilərinin fikrincə, Sufilik bir əcnəbi cərəyan olaraq, əvvəllər digər dinlərdə mövcud olmuş, lakin sonralar islam dünyasına yol tapmışdır. Belə bir nəzəriyyəyə əsaslananlar öz növbəsində bir neçə dəstəyə bölünürlər:
Birinci dəstə sufiliyin Məsihi rahibliyindən, ikincisi Yoqa məktəbindən və hinduizim dinindən nəş᾿ət tapdığını, üçüncüsü Buddizmin tərkidünyalıq cərəyanından, dördüncüsü Əflatunun yeni əqidəsindən və nəhayət beşincisi onun İran mənşəli bir məslək olduğunu hesab edir. Bütün bu nəzəriyyələrin qarşısında sufiliyi islami bir məktəb hesab edən yeganə dəstə də mövcuddur. Onlar belə bir əqidədədirlər ki, islami tə᾿lim, əqidə, irfani baxış, habelə islam dünyasına hakim olan ictimai və xüsusi şərait sufi təriqətinin meydana gəlməsinə səbəb olmuşdur. Xarici amillərin heç biri sufi təriqətinin meydana gəlməsində tə᾿sir göstərməmişdir. Demək, sufiliyin islam dünyasında meydana gəlməsini xarici və daxili amillər çərçivəsində araşdırmalıyıq. Baxaq görək onların hər biri sufiliyin meydana gəlməsində nə dərəcədə tə᾿sir göstərə bilmişdir.
DAXİLİ AMİLLƏR
Daxili amillər iki hissədən ibarətdir:
1. İslamın əqidəvi əsasları;
2. İslam cəmiyyətinin ictimai-siyasi şəraiti.
Tədqiqatçıların bə᾿ziləri hər iki amili sufi təriqətinin meydana gəlməsində təsirli hesab etsələr də, bə᾿ziləri onlardan yalnız birinə üstünlük vermişlər. Bu səbəbdən də hər iki dəstəyə şamil olan amilləri ayrı-ayrılıqda nəzərdən keçirməliyik.
1. Əqidəvi əsaslar:
Sufiliyin meydana gəlməsində islamın əqidəvi əsaslarını ən başlıca amil hesab edən şəxslər belə bir əqidədədirlər ki, tövhid və islam irfanı bu amilin əsasını təşkil edir. Həmin nəzəriyyənin xülasəsi bundan ibarətdir: «Qur᾿an tövhid barədə söhbət açdıqda heç vaxt Allah və yaradılışı (xilqəti) bina və onu tikən bənna ilə müqayisə etmir. Qur᾿an Allahın xaliq və eyni zamanda Onun müqəddəs zatının hər yerdə və hər şeyə şamil olduğunu bildirir.
«…Hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır…»
«…Biz ona şah damarında da yaxınıq!…»
«…Əvvəl də, axır da, zahir də, batin də Odur…»
Bu və bu qəbildən olan digər ayələr bu mövzuya dəlalət edir. Mə᾿lum məsələdir ki, bu qəbildən olan ayələrin təqdim etdiyi tövhid ümumi kütlənin təsəvvürlərində mövcud olan tövhiddən daha üstündür (və bu islam irfanında haqqında söhbət açılan tövhiddir).
Həmçinin insanın Allaha yaxınlaşmaq üçün qət etməli olduğu mərhələlərə gəldikdə, kifayətdir ki, «liqaullah», «rizvanullah», vəhy, ilham, mələklərin peyğəmbərlərlərdən qeyriləri ilə apardıqları söhbətlər – mələklərin həzrət Məryəm ilə etdikləri söhbətlər kimi – və Peyğəmbərin (s) me᾿racına aid olan ayələri nəzərdən keçirməliyik. Qur᾿ani-kərimin bə᾿zi ayələrində nəfsi əmmarə*, nəfsi ləvvamə* və nəfsi mutməinnə* barədə söhbət açılır.
Həmçinin səy və məşəqqətlər yolu ilə haqqa hidayət olanlara işarə edərək buyurulur:
«Bizim uğrumuzda cihad edənləri öz yollarımıza [Bizə tərəf gətirib çıxardan behişt yollarına] qovuşduracağıq…»
Nəfsin saflaşmasının insanın nicat tapması üçün yeganə yol olduğuna işarə olunaraq buyurulur:
«Nəfsini [günahlardan] təmizləyən mütləq nicat tapacaqdır!
Onu [günaha] batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.»
Qur᾿anda dəfələrlə bütün eşqlərdən üstün olan İlahi eşq və sevgidən söhbət açılır. Burada habelə bütün canlı və cansız əşyaların Allaha şükr və zikr etməsindən, insanın yaradılışına və ilahi ruhun onun vücuduna üfürülməsinə toxunulur. Belə ki, insan əgər öz düşüncə və idrakını kamil edə bilərsə, onların şükr və zikr etmələrini özü dərk etməlidir.
Yuxarıda qeyd olunan ayələrlə yanaşı, bu fikrə əsaslanan şəxslər islamın zühur etdiyi illərdə mö᾿minlərin yalnız savab naminə iman gətirməmələrinə dəlalət edən bir çox hədis və rəvayətlərə də toxunmuşlar. Bu rəvayətlərdə və həmin dövrdə oxunan dua və xütbələrdə belə şəxslərin yüksək mə᾿nəvi baxışlarından, saf niyyət və təqvaya malik olduqlarından xəbər verilir. Misal olaraq nəql olunmuş rəvayətlərdən birinə diqqət yetirək: «Günlərin bir günündə Peyğəmbər (s) sübh namazından sonra rəngi saralıb-solmuş və gözləri çuxura düşmüş arıq bir cavanla rastlaşır. Zəifliyindən öz müvazinətini saxlaya bilmirdi. Peyğəmbər (s) ondan soruşur: Özünü necə hiss edirsən? Cavan deyir: Yəqinə çatdığımı hiss edirəm. Buyurur: Yəqinə çatmağının əlamətləri nədir? Deyir: Yəqinə çatmağımın əlaməti bundan ibarətdir ki, gecələri ibadət, gündüzləri oruc tutmağa, dünyanın və onun naz-ne᾿mətlərindən ayrılmağa vadar olmuşam; sanki məhşər günü insanların oraya toplandığını və onların arasında dayandığımı görürəm; cənnət əhlinin ne᾿mətlərdən bəhrələndiklərini və cəhənnəm əhlinin əzab çəkdiyini müşahidə edirəm. Sanki gözümlə cəhənnəm odunu görüb, qulaqlarımla onların səsini eşidirəm. Peyğəmbər (s) cavanı bura qədər dinlədi və üzünü səhabələrə tutub buyurdu: O, qəlbini Allah nuruna qərq edən bir bəndədir. Sonra cavana dedi: Öz əhval-ruhiyyəni qoruyub saxla. Cavan dedi: Dua et ki, Allah mənə şəhadət ruzisini nəsib etsin. Çox keçmədi ki, o, iştirak etdiyi döyüşlərin birində şəhidlik məqamına nail oldu.»
Peyğəmbərin (s) hikmətamiz buyuruqları və etdiyi münacatlar isə yüksək mə᾿nəviyyat, ilahi eşq və irfanla doludur. Bu dualar əksər hallarda ariflərin istinad mənbəyinə çevrilmişdir. Əmirəl-mö᾿minin Əli ibni Əbu Talibin (ə) etdiyi dua və münacatlar da belə bir xüsusiyyətə malikdir. Belə ki, bir çox arif və sufi silsilələrinin o həzrətə çatdıqlarını hesab edənlər az deyildir.
Bu səbəbdən də bir tərəfdən islam dinində mövcud olan bir çox irfani mənbələr və tövhidi baxışlar, mə᾿nəvi saflığa və bu yolla Allaha yaxınlaşmağa nail olmaq üçün dünyanın naz-ne᾿mətlərindən əl çəkmək, maddi zənginliyi kənara qoymaq, ibadət və münacatlarla İlahi dərgaha üz tutmaq islam sufiliyinin meydana gəlməsində ən başlıca amil ola bilər. Digər bir cəhətdən də sufilər öz əqidələrinin, rəftar və davranışlarının e᾿tibarını göstərmək üçün digər din və ideoloji məktəblərdən də ehtiyacsız deyillər.
2. İCTİMAİ-SİYASİ ŞƏRAİT
Sufiliyin meydana gəlməsində təsirli olan digər amillərdən biri də müsəlman ümmətinin müxtəlif dövrlərdəki ictimai-siyasi şəraiti olmuşdur.
İslamın zühur etdiyi ilk illərdə müsəlmanların olduqca sadə və yoxsul həyat tərzi keçirməsi insanların böyük əksəriyyəti üçün islam həyat tərzinin nümunəsi ola bilər. Bu səbəbdən də Peyğəmbərin (s) məişət və həyat tərzi hər bir sufi üçün örnək və nümunə olmuşdur. Çünki sufilər dünyanın maddi ləzzətlərindən daim uzaq olmaq istəmişlər. Onlar Peyğəmbərin (s) və səhabələrin həyat tərzi, rəftar və davranışlarını başqaları ilə müqayisə etmişlər. Tarixə nəzər saldıqda görürük ki, sufilərin bə᾿ziləri Peyğəmbər (s) və onun səhabələrinin ucuz və sadə paltar geydiklərini əldə əsas tutaraq, imam Cə᾿fər ibni Məhəmməd Sadiq və Əli ibni Musa Rizanın (ə) ağ və nəfis paltarlar geyinmələrinə etiraz etmişlər. İslam həyat tərzindən belə bir nəticəyə gəlmişlər ki, Allahın razılığını qazanıb «Liqaullaha – Allahla görüşə» nail olmaq üçün maddi-dünyəvi ləzzətlərdən əl çəkib yalnız zikr, dua, ibadət və münacata qapılmaq lazımdır.
Sufilər Peyğəmbərin (s) sadə həyat tərzi və sünnəsinin sonralar saray və imarətlərdə eyş-işrət içində yaşayan və hakimiyyətlərinin davam gətirməsi üçün zülm və haqsızlıqlara yol verən Əməvi və Abbasi əmirlərinin şahanə həyat tərzinə çevrildiyini gördükdə, öz əqidələrində daha da möhkəm qalaraq haqq olduqlarını iqrar etmişlər. Sufiliyin keçid mərhələsinə nəzər saldıqda, bunun şahidi oluruq ki, islam dünyası qan içən monqol işğalçıların təcavüzünə mə᾿ruz qaldığı bir halda, daha da inkişaf etmiş, asayiş və əmin-amanlıq bərqərar olunduqda isə, tənəzzülə uğramışlar. Bu isə islam dünyasında baş verən ictimai-siyasi cərəyanların sufiliyin yaranıb-yayılmasında nə qədər təsirli olduğuna dəlalət edir. Çünki bəla və müsibətlərlə dolu olan bir şəraitdə xalqın əksəriyyəti dövrün e᾿tibarsızlıq və vəfasızlığının şahidi olub dərd və bəlalarına dərman etmək üçün Allah dərgahına üz tuturdu və məhz bu məsələ sufilərin rəftar və baxışlarının formalaşmasına səbəb olurdu.
Yuxarıda qeyd olunanlar sufiliyin islami cərəyan olduğunu hesab edənlərin irəli sürdükləri nəzəriyyə idi. Onların fikrincə sufilik islamın əxlaqi-əqidəvi, siyasi-ictimai amillərindən mütəəssir olmuşdur. Növbəti dərsimizdə sufiliyin xarici amillər üzündən meydana gəldiyini hesab edən şəxslərin irəli sürdükləri fərziyyələrə toxunacaq və söhbətimizi irəli sürülmüş hər iki nəzəriyyənin müqayisə olunması ilə yekunlaşdıracağıq.
Suallar və tapşırıqlar
1. Sufiliyin islam dinində meydana gəlməsinə dair irəli sürülən ümumi nəzəriyyələr hansılardır?
2. İslam irfanı nə zaman Sufilik adını daşımağa başlamışdır?
3. Peyğəmbərin (s) məsciddəki cavanla apardığı söhbətdən hansı nəticəyə gəlmək olar?
4. İslamın zühur etdiyi illərdə müsəlmanların keçirdikləri sadə və yoxsul həyat tərzi nə üçün sufiliyin meydana gəlməsinə səbəb olmuşdur?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 


more post like this