–Müqəddimə
–İnsanın həqiqi kamalı
–Əqli bəyan
–Niyyətin rolu
MÜQƏDDİMƏ
İslam mədəniyyəti ilə kifayət qədər tanışlığı olmayan, insani və mə’nəvi işləri səthi və zahiri me’yarlar əsasında dəyərləndirən, failin (əməli icra edənin) niyyət və məqsədinə – hüsni-failə (bu, hüsni-fe’l müqabilindədir) diqqət yetirməyən və ya işin dəyərinin me’yarını yalnız başqalarının dünyəvi həyatının asayişindəki tə’sirində təsəvvür edənlərin bə’ziləri İslami maarif və əqidələrin çoxunun düzgün təfsir və tə’rifində inhirafa düçar olur və ya onları düzgün şəkildə dərk edib açıqlamaqda aciz qalırlar. O cümlədən, imanın rolu və onun saleh əməllə olan əlaqəsi, eləcə də küfr və şirkin öldürücü tə’sirləri, qısamüddətli və kiçikhəcmli əməllərdən bə’zilərinin böyükhəcmli və uzunmüddətli işlərdən üstünlüyünü bəyan etməklə inhirafa, azğınlığa düçar olurlar. Məsələn, onlar başqalarının asayişi və rifahı üçün müəyyən şeylər ixtira edənlərin, yaxud millətlərinin azadlıq və istiqlaliyyəti yolunda çalışanların, hətta, Allaha və qiyamət gününə azacıq belə imanları olmasa da, axirətdə yüksək məqama və dəyərli mərtəbələrə nail olacaqlarını güman edirlər. Bə’zən o qədər ifrata varırlar ki, həqiqi səadət üçün lazım olan imanı insani dəyərlərə, fəhlə kütlələlərinin bu dünyadakı qələbələrinə olan inam kimi izah edirlər və hətta “Allah” məfhumunu belə, məfhumi bir dəyər hesab edərək onu ideal əxlaqi səciyyələrlə bərabər tuturlar!!!
Keçən dərslərdə bəyan olunan mətləblərdən bu kimi təsəvvürlərin zəif və səhv cəhətlərini başa düşdük. Lakin bu cür fikirlərin hazırkı əsrdə çox yayılmasını, eləcə də gələcək nəsillər üçün törədə biləcəyi təhlükələri nəzərə alaraq, bu barədə daha artıq izah verməyi məqsədə uyğun görürük.
Əlbəttə, bu kimi məsələlərlə bağlı lazımi qədər təhqiqat aparmaq daha geniş imkanlar tələb edir. Buna görə də kitabın üslubuna uyğun olaraq deyilən mətləblərin əqidəvi yönünə diqqət yetirməklə onların yalnız ən ümdələrini bəyan edirik.
İNSANIN HƏQİQİ KAMALI
Əgər alma ağacını barsız söyüd ağacı ilə müqayisə etsək, alma ağacının ona nisbətən daha artıq dəyərə malik və səmərəli olduğunu görərik. Bu mühakimə yalnız insanın meyvə ağacından istifadə etməsinə görə deyildir, əksinə, meyvəli ağac daha artıq kamil vücuda malik olduğundan və ondan daha artıq əsərlər vücuda gəldiyindən, zatən daha dəyərli sayılır. Amma elə həmin bu alma ağacı müəyyən xəstəliyə düçar olaraq təkamül yolundan çıxarsa, öz dəyərini əldən verəcəkdir. Hətta, başqaları üçün müəyyən infeksiya və ziyanların da mənşəyi olması gözlənilir.
İnsan da digər canlılarla müqayisədə həmin hökmdədir. Əgər öz layiqli kamalına çatsa və öz fitrətinə münasib olan əsərlər zahir etsə, onlardan (digər canlılardan) daha dəyərli olacaqdır. Amma azğınlığa düçar olarsa, heyvanlardan da alçaq və zərərli olması mümkündür. Belə ki, Qur’ani-kərim bə’zi insanları canlıların ən pisi və heyvanlardan da azğın hesab edir.
Digər tərəfdən, əgər bə’zi adamlar alma ağacını yalnız çiçəklənən vaxta qədər görmüş olsalar, onun təkamülünün son həddinin elə bundan ibarət olduğunu və bundan artıq heç bir kamala malik olmayacağını təsəvvür edərlər. Eləcə də insanın orta səviyyədə olan kamalını müşahidə edənlər onun son kamal və həqiqətini dərk edə bilməzlər. İnsanın həqiqi dəyərini yalnız o kəslər tanıya bilər ki, onun yekun və son kamalından agah olsunlar.
Amma insanın həqiqi kamalı maddi və təbii kamallar kimi deyildir. Çünki əvvəllər bəyan olunduğu kimi, şəxsin insaniyyəti onun mələkuti ruhuna bağlıdır. İnsanın təkamülü də həqiqətdə onun ruhunun təkamülüdür ki, özünün ixtiyari fəaliyyətləri ilə əldə olunur. İstər onun daxili və qəlbi fəaliyyətləri olsun, istərsə də xaricdəki və bədənin üzvləri ilə olan fəaliyyətləri. Həmçinin belə bir kamal hissi təcrübələr və kəmiyyət tipli müqayisələrlə tanıyıb dəyərləndirmək olmaz və nəticə e’tibarı ilə, təbiidir ki, ona çatmaq yolunu da təcrübi vasitələrlə tanımaq olmaz. Deməli, özü belə kamal mərhələsinə çatmayan, hüzuri elm və qəlbi müşahidə ilə onu dərk edə bilməyən şəxslər onu əqli dəlil, yaxud ilahi vəhy və asimani kitablar yolu ilə tapmalıdır.
Amma ilahi vəhy, Qur’an ayələri və Əhli-beytin (ə) sözləri nəzərindən danılmaz bir məsələdir ki, insanın son kamalı onun vücudunun elə bir mərhələsidir və “qürbi ilahi” tə’biri ilə qeyd olunur. Onun səmərəsi axirət aləmində zahir olacaq əbədi ne’mətlər və Allahın razılığıdır. Onun ümumi yolları ictimai və fərdi həyatın bütün yönlərini əhatə edən Allaha itaət edib təqvalı olmaqdan ibarətdir.
Əqli nəzərdən isə, bu mətləbə dair müəyyən fəlsəfi müqəddimələrə ehtiyac duyulan çox mürəkkəb dəlillər gətirmək olar ki, burada onların ən sadəsini təqdim edirik.
ƏQLİ DƏLİL
İnsan fitri olaraq sonsuz kamal istəyir. Elm və qüdrət də onun nümayəndələrindəndir. Öz ardınca sonsuz ləzzətlər və əbədi səadət gətirən belə bir kamal insana o zaman müyəssər ola bilər ki, elm, və qüdrətin sonsuz mənbəyi olan Kamali-Mütləq ilə, yə’ni Allah-taala ilə əlaqə qursun. “Qürb” adlanan kamal da məhz bu əlaqədir.
İnsanın yaradılışında əsas məqsəd kimi nəzərdə tutulan kamal Mütəal Allahın dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olur. Bu kamalın ən aşağı mərtəbəsinə, yə’ni imanın ən zəif mərtəbəsinə malik olmayan bir insan hələ meyvə verməyən, nübarı da ələ gəlməyən bir ağaca bənzəyir. Belə ağac isə xəstəlik nəticəsində meyvə vermək qabiliyyətini əldən verərsə səmərəsiz və meyvəsiz ağaclardan da alçaq səviyyəli olacaqdır.
Deməli, imanın insanın əbədi səadət və kamalındakı rolu buna görə mühüm əhəmiyyət kəsb edir ki, insan ruhunun əsl xüsusiyyətləri və səciyyələri Mütəal Allahla agahlıq və ixtiyar üzündən olan əlaqə ilədir və bu əlaqə olmadıqda insan özünə layiq olan kamaldan və onun əsərlərindən məhrum olacaqdır. Başqa sözlə desək, onun insaniyyəti fe’liyyət mərhələsinə çatmayacaqdır. Halbuki, düzgün olmayan seçim nəticəsində belə yüksək iste’dadları məhv edib aradan aparsa özünə qarşı ən böyük zülmü rəva görmüş olar və əbədi cəzaya layiq görülər. Qur’ani-kərim belə insanlar haqqında buyurur:
“Həqiqətən Allah yanında canlıların ən pisi küfr edərək iman gətirməyən kimsələrdir.”
Bir sözlə, iman insanın kamal və səadətə doğru irəliləməsinə, küfr isə onun süqut edərək bədbəxtçiliyə düşməsinə səbəb olur və təbiidir ki, bunlardan axıra hansı biri qalsa, insanın müqəddəratını da o həll edəcəkdir.
MƏQSƏD VƏ NİYYƏTİN ROLU
Yuxarıda qeyd olunan prinsipə nəzər yetirməklə aydın olur ki, insanın hər bir ixtiyari işinin həqiqi dəyəri onun həqiqi kamala, yə’ni Allah-taalanın dərgahına yaxınlaşmağa qoyduğu tə’sirinə bağlıdır. Hərçənd müəyyən (hətta bir neçə vasitə ilə başqalarının təkamülünə zəmin yaradan vasitələr olsa belə) işlər hüsn və fəzilət hesab olunsa da onların işi görən şəxsin səadətindəki tə’siri onun ruhunun təkamülünə tə’sir qoyması ilə şərtlənir.
Digər tərəfdən, xaricdə baş verən işlərin və əməllərin failin (işi görənin) ruhu ilə olan əlaqəsi iradə vasitəsi ilə gerçəkləşir ki, bu da (iradə) onun vasitəsiz olan işidir. Bir işə olan iradə o işin nəticəsinə olan meyl və şövqdən yaranır və bu məqsəd də məhz insanın ruhunun daxilində, məqsəddə tutduğu hədəfə doğru hərəkət yaradır və işi iradə etməyin formalaşmasını cilvələndirir. Deməli, iradə üzündən olan işin dəyəri failin (iş görənin) niyyətinə tabedir, bir fe’lin özünün hüsnü və gözəlliyi, onu görənin gözəlliyi olmadan insanın ruhunun təkamülündə və əbədi səadətində heç bir tə’sir göstərməyəcəkdir. Məhz buna görə də maddi və dünyəvi hədəflər əsasında görülən işlər əbədi səadətdə heç vaxt səbəb olmayacaq, cəmiyyətə göstərilən ən böyük xidmətlər belə, özünü göstərmək (riyakarlıq) məqsədi ilə olsa, onu görən şəxs üçün azacıq belə fayda verməyəcəkdir. Əksinə, onun ruhi cəhətdən tənəzzülə uğramasına da səbəb olması mümkündür. Buna görə də Qur’ani-kərim saleh əməllərin insanın axirətdəki səadətindəki tə’sirini iman və təqərrüblə (Allaha yaxınlıq məqsədi) şərtləndirmişdir.
Bir sözlə, yaxşı iş, əvvəla, başqalarına xidmət etməklə bitmir. İkincisi, başqalarına xidmət etmək də fərdi ibadətlər kimi, o zaman yekun kamal və əbədi səadət üçün tə’sirli olacaqdır ki, ilahi məqsəddən qaynaqlanmış olsun.
SUALLAR
1.Hər bir varlığın həqiqi dəyəri nə ilədir?
2.İnsanın son kamalını necə tanımaq olar?
3.İnsanın son kamalının yalnız Allah dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olduğunu isbat edin.
4.Yaxşı işlərin insanın əbədi səadətindəki tə’sirinin ilahi məqsəd və niyyətlə şərtləndiyini isbat edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…

 


more post like this