Sufilik islam dünyasında necə meydana gəlmişdir?
Sufilik islam dünyasının öz daxilindən qaynaqlanan bir cərəyandır, yoxsa xaricdən?
SUFİLİYİN MEYDANA GƏLMƏSİNDƏ TƏSİRLİ OLAN AMİLLƏR
Xarici amillər:
Sufiliyin islami kök olduğunu və ondan nəş᾿ət tapdığını hesab edənlərin qarşısında, bu cərəyanın xarici amillərin təsiri ilə meydana gəlməsini güman edənlər də var. Onların fikrincə, Sufilik əvvəllər başqa millətlərdə, digər dinlərdə mövcud olmuş və müsəlmanlar onlarla tanış olduqdan sonra bə᾿ziləri bu cərəyana qoşulmuş və islami üsulları sufiliklə tətbiq edərək ona islami rəng vermişlər. Mə᾿lum məsələdir ki, sufi və sufilik ifadələri müsəlmanlar tərəfindən meydana gəlmişdir. Lakin sufiliyin həqiqi mahiyyəti digər dinlərə aiddir.
Sufiliyin xarici amillər tərəfindən meydana gəlməsini hesab edən şəxslərin özləri bir neçə dəstəyə bölünürlər:
1. Bə᾿ziləri sufiliyin köklərini hind mənşəli dinlərdə axtarırlar.
2. Bə᾿ziləri sufiliyin Yunan fəlsəfəsindən, xüsusilə yeni Əflatun məktəbindən nəş᾿ət tapdığını güman edirlər.
3. Bə᾿zilərinin fikrincə sufilik İranda meydana gəlmişdir.
4. Bə᾿ziləri isə onun rahiblik və məsihi irfanından qaynaqlandığını hesab edirlər.
Bu dərsimizdə yuxarıda qeyd olunan dörd baxışla tanış olacağıq.
1. SUFİLİYİN MEYDANA GƏLMƏSİNDƏ HİND MƏNŞƏLİ DİNLƏRİN ROLU
Dinlərlə tanışlıq dərslərindən mə᾿lum oldu ki, Hind mənşəli dinlər yə᾿ni, hinduzim, buddizm və cinizm islam dinindən çox-çox əvvəllər mövcud olmuşdur. Hər üç dinin əsas hissəsini, daha dəqiq desək, mahiyyətini ruhun saflanması və son mərhələdə Niruvana, ya Mütləq fənaya çatmaq təşkil edir. Bir tərəfdən islam dininin şərqdə geniş yayılıb Hind və Çinə çatması, digər tərəfdən də müsləlmanların fəth olunmuş məntəqələrdə ticarət əlaqələri qurmaları, həmçinin hind ayinlərinə dair tərcümə olunmuş kitabların müsəlmanlar arasında geniş yayılması onların hind mənşəli din ayinləri ilə tanış olub onlardan mütəssir olmalarına səbəb olmuşdur.
Digər amillərdən biri də islamdan 1000 il əvvəl «Budda» məzhəbinin İranın şərqində yə᾿ni, Bəlx, Buxara və ətraf məntəqələrdə yayılması və həmin məntəqələrdə Somiə adlandırdıqları ibadətgahların tikilməsi olmuşdur. Bəlxdə tikilən ibadətgahlar daha çox məşhur olmuşdur. Bu isə islamın zühur etdiyi ilk əsrlərdə, bəlkə də sufiliyin ən fəal mərkəzlərindən olduğu bir dövrə təsadüf edir.
İbrahim Ədhəm, Şəqiq Bəlxi, Bayəzid Bəstami, Əbu Səid Əbul Xeyr, Hatəm Əsəm, Davud Bəlxi, Əhməd Xəzrəviyyə və sufiliyin digər görkəmli şəxsiyyətləri bu məntəqədə yaşamışlar. Diqqəti cəlb edən məsələlərdən biri də bə᾿zi sufilərin, xüsusilə İbrahim Ədhəmin tərcümeyi-halının Məhaviranın tərcümeyi-halı ilə oxşar olmasıdır. Deyilənlərə görə İbrahim Ədhəm, Bəlx əmirlərindən birinin oğlu olmuş, əvvəllər qəsrlərdə yaşamış, lakin sonralar var-dövlətdən üz çevirib «Fəna fillaha*» çatmaq üçün dağ və çöllərə üz tutmuşdur.
Budda ilə Sufilik arasında olan başqa oxşarlıq «Fənaya» doğru qət etdikləri mərhələlərin bir-biri ilə eyni olmasıdır. Bu iki ayindəki məqamların hər ikisi heç bir fərq olmadan eyni nəticəyə çatır. Yə᾿ni, sufi ariflərin «Fəna fillah» adlandırdıqları son mərhələni, Buddalar «Niruvana» və «Mütləq fəna»ya çatmaq adlandırırlar.
2. YUNAN FƏLSƏFƏSİNİN SUFİLİYİN MEYDANA GƏLMƏSİNDƏ TƏSİRİ
Cufiliyin kökünü Yunan fəlsəfəsində axtaranlar, əksər hallarda onun məhz Yunan fəlsəfəsindən mütəssir olduğunu güman edirlər. Əflatun idologiyasına mənsub olan Yunan fəlsəfəsi varlığın vəhdət nəzəriyyəsinə əsaslanır. O (Əflatun) bu fikirdə idi ki, həqiqət təkdir və varlığın mənşəyi vahid həqiqətin özüdür. Mütləq varlıq Odur, digər varlıqlar isə Onun təcəllisidir. Yə᾿ni, O, bütün varlıqların mənşəyi olduğu bir halda, onların heç biri deyildir. Əflatunçular Allahı müxtəlif tə᾿bir və ifadələrlə vəsf etsələr də, bu barədə söylənilən hər bir vəsf və ifadəni səhv hesab edirlər. Hətta Allahı vücud adlandırmağı belə düzgün saymırlar. Çünki O, bütün mövcud olan varlıqlardan daha üstündür. Onlar Allaha yalnız mə᾿nəvi (ruhi) seyr ilə çatmağı, əql və hissin buna kifayət etmədiyini zənn edirlər. Bunun isə üç mərhələdən ibarət olduğunu bildirirlər:
a) Seyr məqamları;
b) Məhəbbət;
v) Mə᾿rifət. (Agahlıq).
Seyr məqamları həqiqətə çatmaq və bu yolda göstərilən səy və cəhətlərdən ibarətdir. Bu məqam hasil olunası yə᾿ni, insanın özünün əldə edə biləcəyi bir dərəcədir. Məhəbbət, həqiqəti müşahidə etməklə insanda yaranmış hissə deyilir. Kamil mə᾿rifət isə, tam həqiqətə çatmaq deməkdir. Hər bir varlıq belə bir kamala çatmaq istər, yə᾿ni maddi aləmdən yaxa qurtarıb əsl vətənə qayıdış. Bu da hər şeyin mənşə və başlanğıcına qovuşmaq deməkdir. Dünyaya göz yumub Ona üz tutmaq və Onu öz vücudunda dərk etmək lazımdır.
Bunlar Əflatunçuların fəlsəfi ideologiyalarının bir nümunəsi idi. Tərcümə olunmuş Yunan fəlsəfəsi müsəlmanlar arasında geniş yayılmış, islamda zahidlik cərəyanı onun tə᾿siri altına düşmüş və sonralar yeni Əflatun ideoloji ünsürləri bu sadə cərəyanı sufiliyə çevirmişdir. Nəticədə, Sufi ədəbiyyatında vəhdəti-vücud, dərk edən və dərk olunan, vəhdət aləminin ilkin mənşədən vücuda gəlməsi, insan ruhunun cismdə həbs olunaraq maddi əşyalarla aludə olması, ruhun əsl vətənə qayıdış meyli, eşq, müşahidə və təfəkkür, nəfsin saflığı, ruhi məstlik və s. ifadələrin geniş istifadə olunduğunun şahidi oluruq.
3. SUFİLİYİN İRANLA BAĞLILIĞI
Sufiliyin İranla bağlı olduğunu hesab edən şəxslər Zərdüşt və Mani ayinlərini onun mənşəyi olduğunu qeyd edirlər. «Dinlərlə tanışlıq» dərslərində Zərdüşt ayininin «Ahuraməzda» pərəstişinə əsaslandığı mə᾿lum oldu. Onların əqidəsinə əsasən, varlıqları vücuda gətirən nurdur və nur bütün yaxşılıqların mənşəyidir. Demək, Əhrimənin yaratdığı zülmətdən yaxa qurtarmaq üçün Ahurəməzdaya tərəf getmək və xeyirxah işlər görməklə işıqlığa qovuşmaq lazımdır.
Mani, Zərdüşt tə᾿limlərindən bəhrələnərək belə bir fikir irəli sürmüşdür ki, aləm iki şeydən – nur və zülmətdən ibarətdir. İnsan vücudunu təşkil edən ruh nur, cism isə zülmətdir. Bu iki ünsür bir-birinin müqabilində durur. Bir tərəfdən xeyirxahlıq nur və ruh, digər tərəfdən isə pislik, zülmət və cismdir. Ruh cism zindanında əsir olmuşdur və oradan nicat tapmalıdır. Maninin tərəfdarları iki hissəyə bölünmüşlər:
a) Kamillər;
b) Eşidənlər.
Birinci dəstəyə aid olanlar daha çox agahlığa malik olmuş və özlərini bə᾿zi cismani çətinliklərə vadar edərək nəfslə mübarizə etmişlər. Kamala çatmaq üçün «Aləmin xaliqinə eşq», «kamil insana pərəstiş» və «qardaşlıq birliyi» kimi üsul və qaydalara riayət etməyi lazım bilmişlər.
Sufiliyin əksər hissəsinin iranlı olduqlarını və onların Zərdüşt və Mani əqidələri ilə tanış olduqlarını nəzərə alaraq deyə bilərik ki, onlar insanilik, hökmlər, mə᾿nəvi seyr və nəfsi mübarizəni islam əxlaq və e᾿tiqadına əlavə edərək sufiliyi meydana gətirmişlər.
4. SUFİLİYİN MƏSİHİ RAHİBLİYİNDƏKİ KÖKLƏRİ
İslam dini zühur etdiyi və müsəlman ümməti təşkil olunduğu ilk gündən müsəlmanlar məsihi ayini ilə tanış olmuş və məsihi ölkələri ilə ticarət əlaqələri bərqərar etmişlər. Bu səbəbdən də onların adət-ən᾿ənələri ilə, o cümlədən rahibliklə yaxından tanış idilər. Zahidanə həyat tərzi sürən və maddi varlıqlara göz yuman sadiq müsəlmanlar məsihi rahibliyini islam təqvası ilə əlaqələndirərək sufilik cərəyanını meydana gətirmişlər. Yun paltarlar geymək, xanəgah ibadətgahlarında zikr və münacatlarla məşğul olmaq rahiblərin Somiə adlandırdıqları ibadətgahlarda keçirdikləri həyat tərzi ilə çox oxşardır.
Nəticə:
Bu dərslərdə irəli sürülən nəzəriyyələri nəzərə alaraq deyə bilərik ki, əvvəla sufiliyin bir çox e᾿tiqadi üsulları, rəftar və davranışları islam dinindən götürülmüş və sufilik irfanının kökləri Peyğəmbər (s) və övliyaların tə᾿limlərindən qaynaqlanmışdır. (Bu haqda növbəti dərsimizdə söhbət açacağıq). Həmçinin təqva və pəhrizkarlıq, maddi aləmin e᾿tibarsızlığına olan e᾿tiqad, mə᾿nəvi saflıq üçün edilən səylər, Allahın razılığını qazanmaq məqsədilə ruhun ilahi dərgaha ucalması islam tə᾿limlərinin əsas hissəsini təşkil edir.
Digər tərəfdən də sufilərin istifadə etdikləri ifadələrin bir çoxu Qur᾿an ayələrindən, Peyğəmbərin (s) hədis və dualarından götürülmüşdür. Bunun üçün də qətiyyətlə sufiliyin xarici amillərdən meydana gəldiyini deyə bilmərik.
Eyni zamanda sufilərin etdikləri dua və münacatların, istifadə etdikləri ibadət və davranışların islam mənbələrindən, Qur᾿an ayələrindən, Peyğəmbər (s) və övliyaların həyat tərzindən götürüldüyünə şübhə edə bilmərik. Xanəgahlarda dini mərasimlərin keçirilməsi, yun paltarlar geyinib insanlardan uzaq düşərək bir guşədə ibadət və münacata qapılmaq, ailə və övlada qarşı e᾿tinasız olmaq islam tə᾿limləri və Peyğəmbər (s) sünnəsi ilə fərqli deyil, tamamilə müxalifdir. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, sufilik qeyri-islami rahiblik cərəyanından mütəssir olaraq islam zahidliyi ilə qeyri-islami nəfsi mübarizənin tərkibindən meydana gəlmişdir. (58-ci dərdə sufilərin istifadə etdikləri bə᾿zi ibadət və əməllərdən danışacağıq.)
Suallar və tapşırıqlar
1. Sufiliyin Hind mənşəli dinlərdən mütəəssir olduğunu hesab edənlərin nəzəri nədən ibarətdir?
2. Tədqiqatçıların bə᾿ziləri nə üçün Sufiliyin Əflatun fəlsəfəsindən meydana gəldiyini hesab edirlər?
3. Sufiliklə Zərdüşt dini arasında nə kimi oxşarlıq vardır?
4. Sufiliklə məsihi rahibliyi arasında müştərək cəhətlər vardırmı?
5. Bu dərsdə araşdırılan dörd nəzəriyyə və əvvəlki dərsdə qeyd olunan nəzəriyyələrdən hansı nəticəyə gəlmək olar?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 


more post like this