Rüstəm Tofiq

Əl çək, ey dünya, bu gün əflakə nazım var mənim,

Ərşi-ə`la ilə həddi-həmtərazım var mənim.

Eydi-əkbərdir, könül, hazırla qurbangahını,

Axşama bayram üçün vacib namazım var mənim.

Yarımın dün xaki-payindən təyəmmüm almışam,

Min namazə bəs edən bir dəstəmazım var mənim.

Ta qünut üstündə ifa etdim eşqin nəğməsin,

Qaydavu qanunlara bir e`tirazım var mənim.

Etdim axır səcədə dün yarə eşq e`lanını,

Cümlə sirlərdən mühüm bir kəşfi-razım var mənim.

Öyrənib razi-nihanım, etdi də`vət kuyinə,

Bəh, əcəb gündür, neçə xoş-xoş ləhazım var mənim.

Cismimi bir lərzə tutmuş qorxudan, Rüstəm, bu gün

Çün bu şəb xəlvətdə bir razü niyazım var mənim.

* * *

Ölüb isanlığımız İblis ağa yas aparır,

Hər cümə axşamı bir nəğməli iclas aparır.

 

İnsan insanlığının yasını bayram eləyir,

Nəğmənin cəzbəsi hər dəm nə qədər nas aparır.

 

Özü də qaldı məəttəl bu ağa qullarına,

O çəkir nası yoludan, ya onu nas aparır?

 

Dedi əhsən belə nikbinliyə iclas ağası,

Bəni-Adəm özünü sırf özünə xas aparır.

 

Əsrlərdir yeriyir xaliqə naz ilə bəşər,

Çürüyüb qəlbin evi dörd divarı pas aparır.

 

Beş min ildir bölə bilmir cahanın ne`mətini,

Hər gələn öz dalısıyca iri miqyas aparır.

 

Allahın torpağı döndü yekə nərd taxtasına,

Oturub başda biri hər gecə bir tas aparır.

 

Göndərib zalımı sındırdı Əli bayrağını,

İndi dünya işini Əmr ibn As aparır.

 

Yeridib canımıza dövr Müaviyyələri,

Hamı qəlbində həmin məhzərə ixlas aparır.

 

Rüstəma, bax dolanır ortada şeytan balası,

Hər gün üç-dörd nəfəri gəzməyə Xənnas aparır.

 

* * *

 

 

Çıxır dünya mədarından, çıxır ahəstə-ahəstə,

Yıxır yıxdıqca insanı, yıxır ahəstə-ahəstə.

 

Sınır yerlər, qopur göylər, yer üstə göy fəğan eylər,

Yenə mərkəzdə insandır, baxır ahəstə-ahəstə.

 

Göyə yerdən xəbər gəldi ki, insan xeyli yüksəldi,

O Babil qülləsin qat-qat toxur ahəstə-ahəstə.

 

Od artıb daşdı təndirlər, qırıldı düşdü kəndirlər,

Çaxır tük ürpədən şimşək, çaxır ahəstə-ahəstə.

 

Yer oldu parə-parə parədən od çıxdı aşkarə,

Ərinmiş odlu qətranlar axır ahəstə-ahəstə.

 

Sükut üstündə vəhşət nəğməsi pəxş oldu dünyayə,

Bu avaz ilə dünyanı yaxır ahəstə-ahəstə.

 

Qoyub öz xatəmin katib bitirdi bükdü məktubu,

Yazan öz yazdığın başdan oxur ahəstə-ahəstə.

 

Həmin avazə hər yandan səfasəf toplaşır insan

Sıxır bir qibləyə nası, sıxır ahəstə-ahəstə.

 

Təalallah, tükəndi əjdəhalar, bitdi Rüstəmlər,

Taxır öz xatəmin sahib, taxır ahəstə-ahəstə.

 

* * *

 

 

Əlhəmdülillah üfqdən bir babi-cənnət görmüşük,

Rizvanı bihuş bulmuşuq çeşmində dəhşət görmüşük.

 

Ta varidi-bağ olmuşuq əhliylə ortaq olmuşuq,

Hər kəsdə bir hal duymuşuq, hər kəsdə heyrət görmüşük.

 

Bir küncdə divanələr, bir küncdə məstanələr,

Hərdən sədalar duymuşuq, hərdən sükunət görmüşük.

 

Hər yanda aşiq naləsi, hər yanda eşqin nəğməsi,

Kimdən vüsal bayramını, kimdən də həsrət görmüşük.

 

Ol bəzmgahın mərkəzin ta ki gedib seyr etmişik,

Çəkmiş sükunət pərdəsin bir canlı surət görmüşük.

 

Qəddi əlif qamətlidir, vəchi yaman heybətlidir,

Çeşmində dərya bulmuşuq, ağzında rəhmət görmüşük.

 

Başında ərşin qatını, qəlbində Həqq isbatını,

Xəttində xəlqin sirrini, vəchində vəhdət görmüşük.

 

Qalxıb yerindən naz ilə gəzdikcə xoş avaz ilə

Bərpa olan hər ləhzədə sanki qiyamət görmüşük.

 

Öyrənmişik diqqətlə ta lövhi-vücudun mətnini,

Hər hərfinin bətnində biz Haqdan əlamət görmüşük.

 

Əlhəmdülillah ey könül, gör nə səadət bulmuşuq,

Haq dostunun didarına Haqdan ləyaqət görmüşük.

 

Nisbətdə bizlər Rüstəma, bir xırda məxluq olmuşuq,

Təfsirə çatmaz qüvvəmiz zahirdə surət görmüşük.

 

* * *

 

 

Mən aləmi dən görmüşəm, bir dəm bitən hər dəm bitər,

Aləmdəki hər zərrənin bətnində bir aləm bitər.

 

Aləm ki dəmdən dəmlənib, bir dəm tamam Adəmlənib,

Dəmdən nəsibin almayan yerdən çıxarkən xəm bitər.

 

Əvvəllə axır tənlənib, qismətlə dəmlər önlənib,

Yoxluqla bir dəm başlanan yoxluqda da bir dəm bitər.

 

Varlıq ki başdan başlanar, lap başda başlar beşlənər,

Beşdən iki doqquz çıxar, min dəfə çox aləm bitər.

 

Əvvəllə axır nəzm olar, əvvəldə axır rəsm olar,

Xatəmlə xatəm xətm olar, yerdən yenə Adəm bitər.

 

Ey divsifət, divlər yıxan Rüstəmdən alsan intiqam,

Göydən yenə bir dən düşər, dəndən yeni Rüstəm bitər.

 

* * *

 

 

Bir əzəli odda yanıb canımız

Həşrə qədər cuşa gəlib qanımız

 

Qandakı küfr ilə olub həmtəraz

Canə əzəldən düşən imanımız

 

Düşmənimiz tövhid üçün dərs olub

Küfrə salıb bizləri cananımız

 

Küfr ilə imanı bilən bildi ki

Eynidi Cibril ilə Şeytanımız

 

Bir kəsə kafir deyənin kəs dilin

Möminü kafir deyil insanımız

 

Küfr ilə imanı nə bilsin nökər?

Bizləri qul eylədi Yəzdanımız

 

Küfr xətadır qul üçün bilmişik

Vəz elədi qullara Rəhmanımız

 

Minnət olar isminə mömin demək

Borcumuza çatmayır imkanımız

 

Küfrdə imanı görəndən bəri

Dost azalıbdır boşalıb yanımız

 

El bizə avarə və məcnun dedi

Halbuki heç olmadı nöqsanımız

 

Qoy sənə məcnun desin el, Rüstəma

Olsun o ad şöhrətimiz, şanımız

 

* * *

 

 

Deyəndə qamətis-səlat açıldı qəddü qamətim,

Yetişdi hər qiyam edəndə həşr ilə qiyamətim.

 

Uzanmış idim ac-susuz quru yer üstə dün gecə,

Səhər yeli toxundu ta ki başladı hekayətim.

 

Yox idi ta ki qüdrətim, nihan idi fərasətim,

Açıldı indi fitrətim, bilindi qədrü qiymətim.

 

Ucaldı ərşə bir səda ki ərşü fərşə var nida,

Əyildi torpağa səma, ucaldı ərşə şöhrətim.

 

Yığıldı gəldi cismü can, məkanə girdi laməkan,

Rükuya getdi asiman və başladı xilafətim.

 

Əzəl əbədlə oldu bir, xilafətim o birdədir,

O bir min ilə bir gəlir, min içrədir hökumətim.

 

Hər an bir adəm olmuşam, bu gün də Rüstəm olmuşam,

Gücümlə yox fəxarətim, qul olmaq olmuş adətim.

 

* * *

 

 

Damənimdən əl çəkin, mən bir uca qəm dağıyam,

Gen üfüqlərdən ədalət şəmsinin müştağıyam.

 

 

Bir gecə qeyb olduğun gördüm ədalət şəmsinin,

Mən o gündən hər səhər şəmsin üfüq ortağıyam.

 

 

Bir gözüm məşriqdə qaldı, bir gözümsə Kəbədə,

Gahi həsrət, gahi ümmid ilə qəm dustağıyam.

 

 

Əsrlərdir bir şüanın həsrətindən yanmışam,

Xilqətin ömründəki ən qorxulu qəm çağıyam.

 

 

Ordular öz bayrağından yağıya aşkar olur,

Bilsin aləm, mən o şəmsin yamyaşıl bayrağıyam.

 

 

Məğribi məşriq qılan bir şəmsə heyran olmuşam,

Çünki nuram, nuru zülmət göstərənlə yağıyam.

 

 

Rüstəməm, hər gün batan bir şəmsə yoxdur hacətim,

Keçdim ondan, çün qürubsuz bir günəş müştağıyam.

 

***

 

 

Tutmadım ta nuru hər gün narə düşdüm, ey Xəlil,

Gözlərimdən nuri-narın ləzzətin almış Cəlil.

 

 

Sən kimi nar içrə bir dəm görməsə kim nurunu,

Mən kimi nar içrə beş dəm hər gün eylərlər rəzil.

 

 

Mən dəmadəm narə yanmaqdan xəcalət çəkmədim,

Dil çəkib üstümdən artıq nar olub məndən xəcil.

 

 

Nuri-narda dərk edən “vav”ın “əlif”dən fərqini

Eylər İbrahim Xəlil tək atəşi bir bir səlsəbil.

 

 

Vav əlif fərqin bilən vavdan keçib hudan çıxar,

“Ya” deyib “hu” söyləyər, huçun bilər hudur dəlil.

 

 

Nuru sən nar içrə gördün atəşi ram eylədin,

Tutdum atəş, görmədim nar içrə narı mən zəlil.

 

 

Qəlbinə nur faş olan cism istini fərq eyləməz,

Yardımın təklif edir gəlmiş, nə bilsin Cəbrəil?

 

 

Görmədim sən tək bir an illərlə yandım bitmədim,

Sən bir anda illər ötdün, mən fəqir yandım hər il.

 

 

Nur görüncə narda yandır, ey Cəmil, mən Rüstəmi,

Yanmamaqçün faydasız nar içrə qoyma müstəqil.

 

***

 

 

Göydən yerə hər zərrədə, hər xanədə Allah,

Ərş üstə və torpaqdakı bir danədə Allah.

 

 

Şeytanda, mələklərdə və cinlərdə də Allah,

Bir xəznədir adəmdəki viranədə Allah.

 

 

Dəryadə və səhradə və dağlar və dərələrdə,

Bazarda və mə`bəddə və bütxanədə Allah.

 

 

Fir`onda və Musadə və padşahda, gədadə,

Həm daxmada Allah və kaşanədə Allah.

 

 

Həm əqldə, həm nəfsdə, həm dildə, şüurda,

Alimdə və arifdə və divanədə Allah.

 

 

Həm elmdə, həm eşqdə, həm fərq ilə cəmdə,

Tövhiddəki Həllacda və Mövlanədə Allah.

 

 

Ya zəhr ilə ya meylə dolu qanlı boğazda,

Harun ilə Kazimdəki peymanədə Allah.

 

 

Qollarda və başlarda qılınc ilə qələmdə,

Meydanda və ya şam ilə pərvanədə Allah.

 

 

Dəhşət dolu divdən qopan atəşli nəfəsdə,

Div boynu vuran Rüstəmi-mərdanədə Allah.

google.com


more post like this