Mərhəmətli, rəhmli Allahın adı ilə!
Şübəsiz həzrət Peyğəmbərin Əhli-beyti (ə) zahirən adi insanlar kimi olmasına baxmayaraq onlardan fərqlidir. Belə bir üstünlüyün dərki məhz Əhli-beyti layiqincə tanımaqla mümkündür. Bu isə adi insanlar üçün mümkünsüzdür. Bir sözlə məsum insanları məsum şəxslər layiqincə vəsf edə bilərlər. İmamın meyit namazı və onun qüslü başqa imamın öhdəliklərindən olduğu kimi onu tanıtdırmaq da məhz məsum imamın vasitəliyi ilə həyata keçməlidir. Əhli-beytin əzəmətli vücuduna diqqət etdikdə bəzi nəticələr əldə etmək olar:
1. Allah-taalanın onlara verdiyi xüsusi imtiyazlar, onlara etdiyi məxsus inayətlər. Belə ki, bu xüsusiyyətlərdə heç kim onlarla şərik deyil. “Allah onlara verdiklərini heç kimə verməyib”. (1) “Bu ümmətdən heç kim Əhli-beyt ilə müqayisə oluna bilməz və onlarla eyni deyildirlər”.(2) Çünki, onlar yaradılmışların ən yaxşılarıdır: “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır”.(3) Çünki, onlar insanların tərbiyəçisidir: “Biz Rəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir”.(4)
2. Heç kim Əhli-beyti kamil şəkildə tanıya bilməz: “Ey mənim imamlarım! Sizin yaxşılıqlarınızı saymağa, fəzilətiniz və məqamınızı vəsf etməyə qadir deyiləm”(5)
Qeyd etdiyimiz məntiqə əsasən hikmət və mərifətlə dolu “Nəhcül-bəlağə” kitabına üz tutmağı qərara aldım. Qurani-kərimin qardaşı kimi məşhur olan bu kitabda həzrət Əli (ə) Əhli-beyti 54 xütbə və məktubda ən güzəl və layiqli kəlamlarla vəsf etmişdir. Bu kiçik yazıda həmin xüsusiyyətlərin bir qisminə işarə edirik:
“Peyğəmbər nəsli o həzrətin gizli sirrinin qoruyucusu, onun elm xəzinəsi, hikmətlərinin mərcəyi, kitablarının (Quran və sünnənin) hafizi və dininin arxasında dayanan dağlar kimidirlər. Allahın rəsulu onların köməyilə qamətini düzəltdi (əvvəlcə zəif və gücsüz olan dinini onların yayması sayəsində maarifi bütün dünyanı bürüyəcək səviyyəyə qədər gücləndirdi), dinin təməli, iman və yəqinliyin dirəyidir. Haq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara qoşular. İmamətin xüsusiyyətləri onlarda cəm olmuşdur və onların haqqıdır. (6)
Bu xütbədə Əhli-beyt dağa bənzədilib. “…Dininin arxasında dayanan dağlar kimidirlər” Çünki, dağlar yer kürəsini qoruduğu kimi imamlar da dinin qoruyucusudur, dağlar yerin ən möhkəm və ucqar hissəsidir. İmamət da dinin mühüm mövzularındandır, dağlar qızıl, mis, su və sair kimi təbii sərvətlərin mənbəyidir. İmamlar da İslam maarifinin mənbəyidir, hər şəxs fiziki hazırlığı olmadan dağa çıxmaq iqtidarında deyil. Eləcə də bütün insanlar xüsusi mərifəti olmadan imamları tanıya bilməzlər. Allah-taala Quranda Əhli-beyti peyğəmbərin köməkçiləri kimi vəsf edib:
“Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi”.(7) Həzrət Əli (ə) da onları Quranın hafizi və dinin arxasında dayanan dağlar kimi tanıtdırır. Qurana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü və imanlarının doğruluğundan) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub və hər eybdən, günahdan məsumdurlar) (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə və ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr də, əslində din haqqın onlarla və onların haqla olduğunu deyir.) (8)
“Elm və mərifət qapıları, (dində və dünyada qurtuluş üçün) işıqlı yol biz Əhli-beytin yanındadır. (Deməli, əbədi səadətə çatmaq və bədbəxtlikdən qurtulmaq üçün bizə itaət olunub ardımızca gedilməlidir)” (9)
“Onların səbrlilikləri alimliklərindən xəbər verir və həmçinin zahirləri batinlərindən (gözəl söz və əməlləri paklıq və saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! Haqq ilə müxalifət etməzlər və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur. Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur və hökmlərini xalqa öyrədərək onlara azğınlıq və nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm və biliyi nəticəsində haqq və həqiqət aşkar, batil və nahaq isə məhv olur.) Dini (və onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır.”(10)
“Biz (Əhli-Beyt), ortada olan söykənəcəyik. (Yəni, biz mötədil olan düz yoluq və xalq dünya və axirət işlərini bizdən öyrənməlidir.) Geridə qalmış (bizi tanımaqda səhlənkarlıq etmiş) kəs özünü həmin söykənəcəyə çatdırmalıdır (ki, rahatlıq və səadət əldə etsin). Həmçinin həddi aşıb qabağa düşmüş (bizim barəmizdə ifrata vararaq bizi bəşər həddindən çıxaran) kəs də həmin söykənəcəyə tərəf qayıtmalıdır (ki, azğınlıqdan nicat tapsın)”.(11)
“Biz (Əhli-Beyt)Peyğəmbərlik şəcərəsindənik. İlahi risalət və sifarişin endiyi, mələklərin gedib-gəldiyi bir xanədandanıq. Biz mərifət və bilik mədənləri, hikmət çeşmələriyik. Bizim dostlarımız ilahi rəhmətin intizarındadırlar. Düşmən və bədxahlarımız Allahın qəzəbinə hazırdır. (Əhli-beytin düşmənləri mütləq qəzəbə düçar olacaqlarına görə bu ilahi əzablarını gözləmiş olmaları kimidir.)” (12)
Öz peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar. Qurani-kərimin buyurduğu kimi: Onlar camaatın ən yaxşısı və itaətə ən layiq olanlarıdır. «Siz, Muhəmmədin Əhli-beyti və sizə tabe olanlar insanların ən yaxşısısınız. Qeyb aləmindən çıxmış və seçilmisiniz ki, yaxşı işlər görməyi əmr edib pis əməlləri qadağan edəsiniz və Allaha iman gətirəsiniz…»(13) Qısası, Muhəmməd ailəsindən qeyrisinin ardınca getmək zəlilliyə və azğınlığa səbəb olar.) …Biz (danışıqda) daha fəsahətli (dolğun və yetərli danışan), daha xeyirxah və (ünsiyyətdə olarkən) daha gülərüzük. (14) “(İndi ki, haqqı və batili tanıdınız, Allahın sevdiyi və düşmən bildiyi bəndələri bildiniz) hara gedirsiniz (hansı yola gedirsiniz ki, daha layiqli olsun) və (haqqın) bayraqları asıldığı, (həqiqət) nişanələri aşkar göründüyü, (hidayət və qurtuluşdan) mayak qurulduğu halda sizləri (hidayət və nicat yolundan) necə döndərirlər? (Və ya sizi nə vaxt və harada doğru yoldan daşındırırlar?) Bəs sizi harada heyran və sərgərdan ediblər? Peyğəmbərinizin Əhli-beyti aranızda olduğu halda necə heyran və sərgərdansınız? (Doğru yolu görmürsünüzmü?) Onlar haqq yola çəkənlər, rəhbərlər və dinin nişanələri, doğru danışan dilləridir.(15)
Allah-taala peyğəmbər barədə buyurub: “Sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir…” (16) İmam Baqir (ə) da Peyğəmbərdən bu ayənin məzmununu Əhli-beyti barədə də olduğunu nəql edir: “Ulduzlar səma əhlinin əmniyyət mənşəyi olduğu kimi mənim Əhli-beytim də yer əhli üçün əmniyyət amilidir…”(17)

Əlavələr:
1- “Məfatihul-cinan”, camie kəbire ziyarəti; “Nəhcüg-bəlağə”, 144-cü xütbə.
2- “Nəhcüg-bəlağə”, 2-ci xütbə.
3- “Bəyyinə” surəsi, 7-ci ayə.
4- “Nəhcüg-bəlağə”, 28- məktub.
5- “Məfatihul-cinan”, camie kəbire ziyarəti.
6- “Nəhcüg-bəlağə”, 2-ci xütbə.
7- “Ənfal” surəsi, 62-ci ayə.
8- “Nəhcüg-bəlağə”,147-ci xütbə.
9- “Nəhcüg-bəlağə”, 120-ci xütbə.
10- “Nəhcüg-bəlağə”, 239-cu xütbə.
11- “Nəhcüg-bəlağə”, 109-cu hikmət.
12- “Nəhcüg-bəlağə”,109-cu xütbə.
13- “Ali imran” surəsi, 110-cu ayə.
14- “Nəhcüg-bəlağə”, 120-ci hikmət.
15- “Nəhcüg-bəlağə”, 87-ci xütbə.
16- “Ənfal” surəsi, 33-cü ayə.
17- “Biharul-ənvar”, c23, səh19, 14-cü hədis.
Hazırladı: Şəhriyar

 

islammektebi.org


more post like this